Məlum olduğu kimi,
sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və
iqtisadi aktivliyin dəstəklənməsi məqsədilə İpoteka və Kredit Zəmanət Fondu
tərəfindən maliyyə bazarında tətbiq olunan alətlərdən biri də sahibkarlara faiz
subsidiyasının verilməsidir.
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 25 dekabr tarixli Fərmanı ilə sahibkarların manatla
aldıqları kreditlər üzrə faizlərə görə subsidiyaların verilməsi 2019-cu
ilin sonunadək uzadılıb.
Mövcud Qaydalara əsasən
faiz subsidiyası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı
sahibkarların müvəkkil banklardan manatla aldıqları və Fondun zəmanət verdiyi
kreditlər üzrə ödənilməli olan faizlərin bir hissəsinə görə dövlət tərəfindən
əvəzsiz verilən maliyyə vəsaitidir.
Faiz subsidiyası müddəti 3
ilədək olan kreditlər üzrə illik 8 faiz, 3 ildən artıq olan kreditlər üzrə isə
illik 10 faiz bəndi həcmində verilir. Qeyd olunmalıdır ki, faiz subsidiyası
illik faiz dərəcəsi 20%-dən çox olmayan kreditlər üzrə verilir.
Sahibkarların kreditlər
üzrə faizlərinin bir hissəsinin dövlət vəsaiti hesabına subsidiyalaşdırılması
onların maliyyə mənbələrinə çıxış imkanlarını artırmaqla yanaşı, maliyyə-kredit
bazarında risklərinin azaldılmasına, bankların kreditləşmə əməliyyatlarında
fəallığının artmasına və nəticə etibarı ilə iqtisadi aktivliyin yüksəlməsinə
xidmət edir.