20.06.2017

AİF-in "Elektron İpoteka Sistemi" Elektron Hökumət Portalına inteqrasiya edilib

“Azərbaycan İpoteka Fondu”ASC-də "Elektron İpoteka Sistemi"nin (EİS) Elektron Hökumət Portalı ilə inteqrasiya prosesi artıq başa çatıb.

1 avqust 2017-ci il tarixindən etibarən EİS “Elektron Hökumət Portalı”nın real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcək. Belə ki, bundan sonra “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa internet vasitəsi ilə onlayn rejimində “Elektron Hökumət Portalı”-na (www.e-gov.az) daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət zamanı qeydiyyatdan keçərkən Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imzanı (www.asanimza.az) əldə etməlidir.

Məlumat üçün bildiririk ki, EİS Azərbaycan Respublikası Prezidentinin ölkədə elektron xidmətlərin tətbiqi və istehlakçıların hüquqlarının qorunması üzrə tapşırıqlarını rəhbər tutaraq, o cümlədən “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli 940 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə yaradılıb. Sistemin fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsasları Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1126 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron ipoteka” sistemi haqqında Əsasnamə” ilə müəyyən edilir və onun fəaliyyətinin təşkili, idarə olunması və inkişafı elektron sistemin operatoru kimi “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən təmin edilir.

EİS-in tətbiqi ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsinə, ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasına, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsinə, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.