Ölkədə uğurla həyata
keçirilən iqtisadi inkişaf siyasətinin başlıca istiqamətlərindən biri də özəl
sektorun hərtərəfli dəstəklənməsi və bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin
tətbiq edilməsidir.
Məlum olduğu kimi, ölkədə
maliyyə vəsaitlərinə çıxış imkanlarının, kreditlərə zəmanət verilməsi
mexanizmlərinin yeni iqtisadi əsaslarla daha da təkmilləşdirilməsi və bu sahədə
göstərilən xidmətlərin səmərəliliyinin artırılmasının təmin edilməsi məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli Fərmanı ilə
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan
Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yenidən təşkil edilərək
“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” (bundan sonra -
Fond) qeyri-kommersiya hüquqi şəxsi yaradılıb. Eyni Fərmanla Fond tərəfindən
sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsini
tənzimləyən qaydalar da təsdiq edilib.
Mövcud Qaydalara əsasən
zəmanət veriləcək kreditlərin məbləği 30 min manatdan başlayaraq 5 milyon
manatadək, bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə isə 10 milyon manatadək
təşkil edir. Eyni zamanda, zəmanət verilmiş kreditlərin müddətindən asılı
olaraq Fond tərəfindən 8% və 10% miqdarında illik faiz subsidiyası ödənilir.
Ötən dövr ərzində Fondun
zəmanət və subsidiya mexanizminin tətbiqi üzrə bütün normativ-hüquqi bazası
yaradılıb, təşkilati və struktur məsələləri həll edilib və 13 bank müvəkkil
qismində əməkdaşlığa cəlb olunub. Artıq oktyabr ayından başlayaraq ötən qısa
müddətdə Fond tərəfindən verilən zəmanətlər hesabına sahibkarlara 17 milyon
manat məbləğində kreditin verilməsi təmin olunub. Hazırda sahibkarların zəmanət
və subsidiya alınması ilə bağlı müvəkkil banklara müraciətlərində dinamik artım
müşahidə edilir.
Hazırda Fond tərəfindən
sahibkarlıq kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi, kredit almaq
istəyən şəxslər üçün bərabər şəraitin yaradılması, müraciətlərə baxılması
zamanı şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə zəmanətin və faiz
subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi yaradılır.
Elektron sistemin növbəti ilin ikinci rübündə istifadəyə verilməsi gözlənilir.
Mövcud iqtisadi çağırışlar
fonunda dövlətin göstərdiyi subsidiya dəstəyi və maliyyə risklərinin dövlət,
banklar və sahibkarlar arasında bölüşdürülməsi mexanizminin tətbiq olunması isə
real sektorla maliyyə sektoru arasında iqtisadi tarazlığın formalaşmasına və
bankların qeyri-neft sektoruna maliyyə axınının güclənlməsinə əlavə imkanlar
yaratmış olacaq.
Beynəlxalq təcrübə göstərir
ki, kredit zəmanət sxemləri kiçik və orta biznes sahəsində maliyyələşdirməni
asanlaşdırır və kredit risklərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.
Bu baxımdan zəmanət mexanizmləri uğurla tətbiq olunan dövlətlərin təcrübələri
araşdırılır və əməkdaşlığın qurulması istiqamətində məqsədyönlü tədbirlər
həyata keçirilir.
Qaydalara uyğun olaraq,
qeyri-neft sektorunda fəaliyyət göstərən və bu məhsullara potensial ehtiyacı
olan sahibkarların kredit zəmanətləri mexanizmi çərçivəsində dövlətin verdiyi
faiz subsidiyasından yararlanmaları üçün müvəkkil banklara kredit sifarişi ilə
müraciət etməsi tövsiyə olunur.
Müvəkkil banklar tərəfindən
hər bir sahibkarın müraciətinə operativ baxılır, bütün lazımi məsləhət və
informasiya dəstəyi göstərilir, tətbiq olunan mexanizmin üstünlükləri və
sahibkarların əldə edəcəyi fayda barədə ətraflı məlumatların verilməsi təmin
edilir.
Qeyd edək ki, sahibkarlar
zəmanət və subsidiya verilməsi qaydalarını, tələb olunan sənədlər, müvəkkil
bankların siyahısı və digər lazımi məlumatları daha ətraflı Fondun rəsmi
internet səhifəsindən əldə edə bilərlər (www.mcgf.az).