27.12.2021

Bugünədək İKZF-nin zəmanəti ilə sahibkarlara 248 mln. manatdan çox kredit verilib

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət istiqamətlərinə uyğun olaraq kredit-zəmanət mexanizmi çərçivəsində ölkədə biznes mühitinin dəstəklənməsi, habelə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirləri davam etdirir.

Cari il ərzində zəmanət verilmiş kreditlərin orta məbləği 722 000 manat, orta müddəti 32 ay təşkil edib. Ümumilikdə, bugünədək Fondun zəmanəti ilə sahibkarlara müvəkkil banklar tərəfindən verilən kreditlərin məbləği 248 mln. manatı ötüb. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 3300-dən çox yeni iş yerinin açılmasına şərait yaradılıb.

Zəmanət verilmiş kreditlər iqtisadiyyatın əksər sahələrini əhatə etməklə, əsas etibarilə qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub.

Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Fond tərəfindən 2019-2021-ci illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 21 mln. manat məbləğində subsidiyanın verilməsi təmin edilib. Dövlət dəstəyi hesabına verilmiş subsidiyalar nəticəsində borcalanlara verilmiş sahibkarlıq kreditləri üzrə orta illik faiz dərəcəsi 6,5%-dək azaldılıb. Fond tərəfindən 2022-ci ildə də sahibkarların banklardan manatla aldıqları kreditlər üzrə hesablanmış faizlərə görə Fond tərəfindən subsidiya dəstəyinin tətbiqi davam etdiriləcək.

Sahibkarların, o cümlədən müvəkkil bankların mexanizmdən rahat istifadəsinin təmin edilməsi və müraciətlərə baxılmasının sürətləndirilməsi məqsədilə kreditlər üzrə zəmanətlərin verilməsi prosesi “Elektron ipoteka və kredit zəmanət“ sistemi çərçivəsində avtomatlaşdırılıb, zəmanətlə bağlı tələb olunan sənədlərin siyahısı optimallaşdırılıb.

Ölkədə biznes mühitinin yaxşılaşdırılması dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən olduğundan, Fond tərəfindən bu sahədə davamlı olaraq qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə resurslarının əlçatanlığının artırılması və digər dəstəkləyici mexanizmlərin tətbiq olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.