01.03.2017

"Fitch Ratings" "Azərbaycan İpoteka Fondu"nun fəaliyyətini növbəti dəfə qiymətləndirib

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) fəaliyyətinin "Fitch Ratings" beynəlxalq reytinq agentliyi tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilib. Agentlik tərəfindən qiymətləndirməyə əsasən “Azərbaycan İpoteka Fondu” ASC-nin emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi “BB+” səviyyəsində təsdiq edilib. Proqnoz neqativdir.

Fondun reytinqi Azərbaycanın Respublikasının suveren reytinqinə (BB+/Neqativ) bərabər götürülüb. Bu reytinq AİF-in dövlətlə sıx əlaqəsini, hökumətin mənzil maliyyələşməsi siyasətində oynadığı strateji rolu və dövlətin AİF-in fəaliyyətinə güclü nəzarətini əks etdirir. Reytinq AİF istiqrazlarına Mərkəzi Bank tərəfindən likvidlik təminatının verilməsi ilə dəstəklənir. Fitch AİF-i kredit təşkilatı olaraq "Dövlət Təşkilatlarının Kriteriyaları haqqında Reytinq"  bölməsində nəzərə alır.

Əsas Reytinq Göstəriciləri

Hüquqi statusu "güclü" kimi qiymətləndirilir

"Fitch" hesab edir ki, AİF-in hökümətlə əlaqələri güclüdür. AİF 2005-ci ildə prezidentin sərəncamı ilə yaradılıb. 2016-cı ilin ortalarında hüquqi statusu dəyişib: Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatından səhmləri 100% dövlətə məxsus olan açıq səhmdar cəmiyyətə çevrilib. AİF-in maliyyə institutu olaraq yenidən təşkili və ləğvi prezidentin xüsusi fərmanı ilə baş verə bilər.

Strateji vacibliyi "güclü" kimi qiymətləndirilir

Uyğun qiymətə mənzil təminatının Azərbaycan üçün xüsusi əhəmiyyətini nəzərə alaraq, "Fitch" hökumətin mənzil siyasətində AİF-in rolunun strateji əhəmiyyət daşıdığını hesab edir. Mənzil fondunun köhnəlməsi şəratində əhalinin artması və ölkədə urbanizasiyanın davam etməsi mənzilə tələbi artırır. Ölkədə mənzilə olan tələbatı qarşılamaq üçün hökumət AİF-ə davamlı olaraq maliyyə vəsaiti ayırır.

AİF ölkə vətəndaşlarını uyğun mənzillərlə təmin etmək üçün subsidiyalaşdırılmış uzunmüddətli ipoteka kreditləri təqdim edən dövlət agenti rolunda çıxış edir. Azərbaycanda bazar prinsiplərinə əsaslanan ipoteka istiqrazları bazarının olmamasını nəzərə alaraq, AİF, eyni zamanda dövlət vəsaitlərini yerli kredit təşkilatlarına ötürən qurum kimi fəaliyyət göstərir. AİF-in yerli bankları ucuz vəsaitlə təmin etmək üçün ipoteka istiqrazları buraxmaq səlahiyyəti var. Kredit riskini azaltmaq və portfelin keyfiyyətini təmin etmək üçün ipoteka örtüyü AİF-in sərt tələblərinə cavab verməlidir.

Nəzarət "güclü" kimi qiymətləndirilir

AİF güclü dövlət nəzarəti altında fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidenti ASC-nin strateji hədəflərini, kredit və maliyyə siyasətini müəyyən edir və AİF-in İdarə Heyəti və Müşahidə Şurasının üzvlərini vəzifəyə təyin edir. Müşahidə Şurası iqtisadiyyat, maliyyə və əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri, habelə Mənzil İnşaatı Dövlət Agentliyinin direktor müavini və Mərkəzi Bankın sədrinin müavini olmaqla 5 üzvdən ibarətdir.

Müşahidə Şurası AİF-in inkişaf istiqamətlərini, illik büdcəsini və investisiya proqramlarını təsdiqləyir. Müşahidə Şurası Cəmiyyətin fəaliyyətini, büdcə vəsaitlərindən isitifadəni, borclanma səviyyəsini və likvidlik vəziyyətini yoxlayır. AİF-in müxbir hesabı Mərkəzi Bankdadır. AİF-in BMUS-a uyğun maliyyə hesabatları eyni müstəqil kənar auditor tərəfindən ardıcıl olaraq 3 ildən çox olmamaq şərtilə audit olunur.

İnteqrasiya "güclü" kimi qiymətləndirilir

"Fitch" AİF-in ümumi dövlət sektoruna inteqrasiyasını güclü hesab edir. AİF-in hesabları mərkəzi hökumətin büdcəsi ilə konsolidasiya edilməsə də, AİF dövlət büdcəsindən davamlı olaraq vəsait alır və Mərkəzi Bank tərəfindən istiqrazların likvidlik dəstəyi təmin olunur. 2016-cı ilin sonlarından etibarən AİF dövlət zəmanəti ilə istiqraz buraxmaq hüququ əldə edib ki, bu da "Fitch" tərəfindən AİF-in dövlətlə bağlılığının "güclü" kimi qiymətləndirilməsinə əsas verir.

AİF yarandığı gündən bugünədək dövlət tərəfindən hər il dəstək alır. 2016-cı ilin sonuna yardımın ümumi məbləği 316 mln. manat olub və 2017-ci ildə növbəti 50 mln. manat vəsaitin ayrılmasına qərar verilib. Mərkəzi Bank təkrar bazarda AİF istiqrazlarına likvidlik dəstəyi verir. Belə ki, 2016-cı ilin sonuna AİF-in 335 mln. manaqtlıq istiqraz portfelinin böyük hissəsi Mərkəzi Bankda olub.

Azərbaycan Respublikası Baş Nazirinin rəhbərlik etdiyi Maliyyə Sabitliyi Şurası 2017-ci il üçün AİF-in yeni 200 mln. manat istiqraz emissiyası proqramını təsdiqləyib. "Fitch" hesab edir ki, dövlət öz sosial mənzil kreditləşməsi siyasətini dəyişənədək AİF orta dövrdə dövlət dəstəyini almağa davam edəcək.

Gəlirliliyin ucuz cəlbetmə ilə dəstəklənməsi

"Fitch" hesab edir ki, AİF ucuz vəsait cəlb edilməsi və kredit portfelinin keyfiyyəti hesabına orta müddət ərzində öz gəlirliliyini əvvəlki illərdəki kimi qoruyacaq. "Fitch" 2016-cı ilin sonundan vergi ödəyicisi olan AİF-in ROE əmsalının  2014-16-cı illərdə ortalama olaraq 1,97%-dən 1,65%-ə qədər enəcəyini proqnozlaşdırır.

Cəmiyyətin yenidən təşkili prosesi ilə əlaqədar olaraq, AİF 2016-cı ilin sonundan başlayaraq öz fəaliyyətini bərpa edib. "Fitch" kredit portfelində 2016-cı ildəki azalmadan sonra 2017-ci ildə 50 mln. manat dövlət büdcəsindən gələn vəsait və 200 mln. manat istiqraz buraxılışı hesabına 30%-40% artım proqnozlaşdırır.

Mürəkkəb makroiqtisadi mühit

2016-cı ildə ölkədə davam edən tənəzzül və iqtisadi aktivliyin səngiməsi AİF-in fəaliyyətinə mənfi təsir edib. Bu, neft qiymətlərinin enməsi və manatın devalvasiyası, dövlət maliyyələşməsinə yenidən baxılması və kövrək bank sektoru ilə əlaqədardır. Hökümətin çətin makroiqtisadi mühitə uyğun siyasəti hələ də hazırlanmaqdadır. Bu da AİF-in fəaliyyətinə orta dövr ərzində təsir edə bilər. Bir illik dövlət büdcəsi çərçivəsinin nəticəsi olaraq AİF fəaliyyətini qısamüddətli dövr üçün planlaşdırmağa davam edir.

Reytinq həssaslığı

Reytinq dəyişikliyi ölkənin reytinqinin dəyişilməsi ilə baş verə bilər. AİF-in hüquqi statusunun dəyişməsi ilə əlaqədar nəzarətin və ya dövlət dəstəyinin azalması, dövlətlə əlaqələrin zəifləməsi reytinqin ölkənin reytinqindən aşağı salınmasına səbəb ola bilər.

Aşağıdakı keçid vasitəsilə Agentliyin təqdim etdiyi press-relizlə tanış ola bilərsiniz.

https://www.fitchratings.com/site/pr/1019873