26.10.2009

Azərbaycan İpoteka Fonduna beynəlxalq kredit reytinqi verilmişdir

Azərbaycan İpoteka Fondunun Mətbuat Xidməti bildirir ki, 26 oktyabr 2009-cu il tarixində Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi tərəfindən Azərbaycan İpoteka Fonduna yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə stabil proqnozlu BB kredit reytinqi verilmişdir. Bu reytinq Fondun maliyə stabilliyinin, sağlam kredit portfelinə malik olmasının və yüksək ödəniş qabiliyyətinin göstəricisidir. Belə ki, Azərbaycan İpoteka Fondunun kredit reytinqi Azərbaycan Respublikasının ölkə reytinqindən (BB+) cəmi bir pillə aşağı verilmişdir. Fitch Ratings Agentliyinin məlumatında bu bilavasitə Fonda göstərilən dəstək mexanizmlərinin mövcud səviyyəsi ilə izah edilir. Məlumat üçün qeyd etmək lazımdır ki, bir qayda olaraq beynəlxalq reytinq agentlikləri tərəfindən təşkilatlara verilən reytinqlərin yuxarı həddi ölkə reytinqi ilə məhdudlaşır.  

Qeyd etmək lazımdır ki, Azərbaycan İpoteka Fondu öz qısamüddətli fəaliyyəti dövründə ilk dəfədən yüksək reytinqin alınmasına nail olmuşdur və hazırda ölkədə fəaliyyət göstərən dövlət təşkilatları arasında beynəlxalq kredit reytinqi alan ilk təşkilatlardandır.

Fitch Ratings Agentliyin rəsmi məlumatında qeyd edilir ki, Azərbaycan İpoteka Fondu müvəkkil kredit təşkilatları vasitəsilə əsasən aşağı və orta gəlirli Azərbaycan ailələrinə bazar faiz dərəcələrindən aşağı faiz dərəcələri ilə ipoteka kreditlərinin verilməsini təmin edir. Bu kredit reytinqi dövlətin mənzil-yaşayış sahələrinin maliyyələşdirilməsi siyasətində Fondun əhəmiyyətli rolunu əks etdirir. Eyni zamanda məlumatda o da qeyd edilir ki, Azərbaycanın ölkə reytinqinin dəyişməsi avtomatik olaraq Fondun da reytinqinin dəyişməsinə səbəb olacaqdır.

Hazırda Azərbaycan İpoteka Fondunun xətti ilə ölkədə verilən ipoteka kreditlərinin ümumi məbləği 132 mln. manatı keçmişdir. 2005-2009-cu illərdə Dövlət büdcəsindən Fonda 72,4 mln. manat vəsait ayrılmışdır.

Beynəlxalq kredit reytinqinin alınması Azərbaycan İpoteka Fonduna gələcəkdə daxili bazarla yanaşı, xarici bazarlardan da sərbəst vəsaitlərin cəlbinə, bununla da növbəti illərdə ipoteka kreditləşməsinin davamlılığının və fasiləsizliyinin təmin edilməsinə zəmin yaradır.