İpoteka və Kredit Zəmanət Fondunda (Fond)
“İstiqrazlar
üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat verilməsi mexanizmi”nə həsr olunmuş görüş keçirilib.
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Milli Depozit Mərkəzi, Bakı Fond Birjası, ölkədə fəaliyyət göstərən investisiya şirkətləri və “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin təmsilçilərinin iştirak etdiyi görüşdə yeni mexanizmin tətbiqi ilə bağlı təqdimat nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Bildirilib ki, qeyri-neft sektorunda çalışan emitent şirkətlərin korporativ istiqrazlar üzrə öhdəliklərinin icrasına Fondun zəmanət verməsi onlar tərəfindən buraxılan və manatla ifadə olunan korporativ istiqrazların likvidliyini və cəlbediciliyini artıraraq, sahibkarların alternativ maliyyə resurslarına çıxış imkanlarını genişləndirir. Mexanizmin tətbiqinin həmçinin qiymətli kağızlar bazarının inkişafına dəstək və investorların risklərinin bölüşdürülməsi baxımından da əhəmiyətli olduğu vurğulanıb.
Qeyd edək ki, Fond tərəfindən sahibkarlığa dövlət dəstəyi sahəsində yeni alətlər
“Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli
1691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 26 yanvar 2023-cü il tarixli 2002 saylı Fərmanına əsasən həyata
keçirilir.
Fərmana uyğun olaraq, sahibkarlara dəstək alətlərinin çeşidinin artırılması məqsədilə qiymətli kağızların emitenti olan sahibkarlara Fond tərəfindən təminatın və müvəkkil banklara portfel təminatının verilməsi mexanizmlərinin tətbiqi üzrə yeni qaydalar hazırlanıb.