30.09.2009

İpoteka kreditləşməsi stabil davam edir


         
       Azərbaycan İpoteka Fondunun Mətbuat xidməti bildirir ki, 1 iyun 2009-cu il tarixindən ölkədə ipoteka kreditləşməsinin bərpa olunmasından bugünədək 1100 nəfərə yaxın vətəndaşa ümumi həcmi 47 mln.manat təşkil edən ipoteka krediti verilmişdir. Təkcə 2009-cu ilin sentyabr ayında  14 mln. manat məbləğində ipoteka krediti verilmiş, 300-dən artıq ailə öz yaşayış-mənzil şəraitini yaxşılaşdırmışdır.      
      
Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 122 mln.manatı keçmişdir. Nəticədə 3100-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olmuşdur.  
    
      
Bildiririk ki, adi ipoteka kreditləri ilə yanaşı güzəştli ipoteka kreditlərinin verilməsi də davam edir və bu kreditlərə də əhali arasında yüksək tələbat müşahidə olunmaqdadır. Belə ki, 2009-cu ilin sentyabr ayının sonunadək müvəkkil banklara güzəştli ipoteka kreditləri ilə bağlı daxil olmuş müraciətlər üzrə ümumi məbləğ 8 mln. manatdan artıq olmuşdur. Məlum olduğu kimi, cari ilin dövlət büdcəsindən ipoteka kreditləşməsi üçün 14 mln.manat məbləğində vəsait ayrılıb və bu vəsaitin hamısının güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəltmək nəzərdə tutulur. Göründüyü kimi, güzəştli ipoteka kreditləşməsinin cari ildə davam etdirilməsi üçün  kifayət qədər vəsait mövcuddur.
      
    
Qeyd edək ki, AİF-in xətti ilə müvəkkil kredit təşkilatları tərəfindən əhalinin ipoteka kreditləri ilə təmin edilməsi stabil və aktiv şəkildə davam edir. Xüsusi vurğulamaq istəyirik ki, 30 sentyabr 2009-cu il tarixinədək banklar tərəfindən onlara ayrılmış limitlərin cəmi 72%i istifadə edilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin iyun ayından ipoteka kreditləşməsi bərpa edildikdən indiyədək banklara ayrılmış limitlərin həcmi 4 dəfədən çox artırılmışdır.
        
  
Gələcəkdə də ipoteka kreditləşməsinin davamlılığını təmin etmək məqsədilə Fondun açıq bazardan əlavə vəsait cəlb etmək imkanları var və bu sahədə heç bir çətinlik yoxdur. 
      
    
Göründüyü kimi, hazırda ipoteka kreditləşməsinin davam etdirilməsi üçün kifayət qədər resurslar mövcuddur və ehtiyac yarandıqca AİF tərəfindən müvəkkil banklara ayrılan limitlərin artırılması davam etdiriləcəkdir.