10.08.2009

İpoteka kreditlərinin verilməsi davam edir

Azərbaycan İpoteka Fondu bildirir ki, hazırda ipoteka kreditləşməsi prosesi yüksək templə gedir və təkcə avqust ayının ilk 5 iş günü ərzində müvəkkil banklara 4 mln. manat məbləğində 100-ə yaxın müraciət daxil olmuş, ümumi məbləği 3 mln. manat təşkil edən 70-dən çox ipoteka krediti verilmişdir.

Eyni zamanda qeyd etməyi vacib hesab edirik ki, 2006-2007-ci illlər ərzində Azərbaycan İpoteka Fondunun xətti ilə ümumi həcmi 75,8 milyon manat təşkil edən ipoteka krediti verilmiş, iki minə yaxın ailəyə mənzil problemlərinin həlli üçün şərait yaradılmışdır. Lakin ipoteka kreditlərinin çox əlverişli şərtlərlə verilməsi bu kreditlərə qısa müddət ərzində yüksək tələbin yaranmasına səbəb olmuş və nəticədə dövlət büdcəsindən ayrılmış vəsaitlərin tükənməsi nəticəsində 2007-ci ilin iyun ayında ipoteka kreditlərinin verilməsi dayandırılmışdı. Təbii ki, ipoteka kreditləşməsinin dayanmasından ötən iki il ərzində əhali arasında bu kreditlərə olan yığılmış  tələb ödənilməmiş və nəticədə ipoteka kreditlərinə çox yüksək həcmdə toplam tələb formalaşmışdır.

Xəbər verdiyimiz kimi, Azərbaycan İpoteka Fondunun özünümaliyyələşdirmə prinsiplərinə keçidi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilmiş tədbirlər nəticəsində 1 iyun 2009-cu il tarixindən başlayaraq Azərbaycan İpoteka Fondu tərəfindən cəlb edilmiş vəsaitlər hesabına ipoteka kreditlərinin verilməsi  bərpa edilmişdir. Ötən illərdən yığılmış tələb, ipoteka kreditləşməsinin bərpasının ilk iki ayında müvəkkil banklara ipoteka kreditləri ilə bağlı kütləvi şəkildə müraciət axınına səbəb olmuşdur. Bildiririk ki,  bu müraciətlərin böyük hissəsinin qəbulu və baxılması müvəkkil banklarda ipoteka kreditləri ilə bağlı işin təşkilinin yüksək səviyyədə qurulması və potensial kadr bazasının mövcudluğu sayəsində mümkün olmuşdur. Lakin nəzərə almaq lazımdır ki, bu müraciətlərin hamısına qısa müddət ərzində baxmaq, onları emal edib qiymətləndirmək, ipoteka krediti vermək üçün qərar qəbul etmək ən azı fiziki cəhətdən mümkün deyildir. Eyni zamanda qeyd etmək lazımdır ki, ipoteka kreditlərinin verilməsi özlüyündə mürəkkəb və ciddi bir prosesdir. Burada borcalanın ödəniş qabiliyyətinin, ipoteka predmetinin qiymətləndirlməsi, ümumilikdə kreditin təhlili, rəsmiləşdirilməsi (alqı-satqı, ipoteka, sığorta müqavilələrinin bağlanması) üçün müxtəlif instansiyalardan sənədlərin toplanması lazımdır ki, bu da özlüyündə müəyyən zaman tələb edir.    

Bütün bunlara baxmayaraq, hazırda ipoteka kreditləri davamlı və yüksək templə verilir və ötən illərlə müqayisədə bu ilki kredit məbləğlərinin ümumi həcmi bir neçə dəfə çoxdur. Buna sübut olaraq yalnız onu qeyd etmək kifayətdir ki, əgər 2006-cı il ərzində cəmi 5,6 mln.manat ipoteka krediti verilmişdisə, cari ilin son iki ayı ərzində bu rəqəm artıq 20 mln.manatdan çox olmuşdur.

Onu da vurğulamaq lazımdır ki, bütün kreditlər Fondun standartlarına uyğun olaraq uzunmüddətli və aşağı faiz dərəcələri ilə verilir. Verilmiş kreditlər üzrə orta müddət 24 il, orta faiz dərəcəsi isə 7,6% təşkil etmişdir.    Artıq elan edildiyi kimi, ipoteka kreditləşməsinin bərpası Azərbaycan İpoteka Fondu tərəfindən cəlb edilmiş vəsaitlər hesabına  həyata keçirilir. Fond tərəfindən 7 il müddətinə 55 mln. manat məbləğində illik 3%-lə təmin edilmiş istiqrazların emissiyası dövlət qeydiyyatına alınmış, bu istiqrazların 25 mln. manatı isə artıq yerləşdirilmişdir. Mövcud şəraitdə ölkədə əlverişli makroiqtisadi mühitin formalaşması, o cümlədən Mərkəzi Bankın notları və dövlət qısamüddətli istiqrazları üzrə faiz dərəcələrinin aşağı səviyyədə olması Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarına institusional investorlar (banklar, sığorta şirkətləri) arasında təbii marağın yaranmasına səbəb olmuşdur. Belə ki, hazırda Fond tərəfindən təklif olunan istiqrazlar bazarda mövcud digər kağızlarla müqayisədə gəlirlilik baxımından (illik 3%) investorlar üçün daha sərfəlidir. Bu baxımdan Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının yerləşdirilməsi ilə bağlı 16 iyun, 14 iyul və 27 iyul 2009-cu il tarixlərində həyata keçirilmiş hərraclarda istiqrazlar üzrə tələb təklifi bir neçə dəfə üstələmişdir.

Onu da vurğulamaq lazımdır ki, Fond tərəfindən cari tələbin qiymətləndirilməsi nəticəsində başlanğıc mərhələdə 55 mln. manat nominal dəyəri olan istiqrazların emissiyası hədəflənmişdir,və gələcəkdə bazarda ipoteka kreditlərinə olan tələbə müvafiq olaraq, Fond tərəfindən yeni cəlbetmələr planlaşdırılır.

Mövcud vəsaitlərlə veriləcək kreditlər arasında fərqin yaranmasının qarşısının alınması məqsədilə “Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”nda, Azərbaycan İpoteka Fondu tərəfindən müvəkkil banklara veriləcək kreditlərin həcmi ilə bağlı limitlərin müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Hazırda hər bir müvəkkil bankın potensial imkanları, müştəri bazası və prudensial normativləri nəzərə alınmaqla Azərbaycan İpoteka Fondu tərəfindən müvafiq limitlər müəyyənləşdirilmişdir. Onu da qeyd edək ki, müvəkkil banklar öz likvidliklərini və ipoteka kreditlərinin verilməsi ilə bağlı yaranan risklərinin idarəolunması çərçivəsində, daxil olan müraciətlərin qəbulunu və kreditlərin verilməsini təyin olunmuş limitlərə müvafiq olaraq həyata keçirirlər.Beləliklə, Azərbaycan İpoteka Fondu bir daha bəyan edir ki, ölkədə ipoteka kreditləşməsi müvəffəqiyyətlə gedir və müvəkkil banklar Fondun mövcud standartlarına uyğun olaraq vətəndaşlara həm adi, həm də güzəştli ipoteka kreditlərini verməkdə davam edirlər. Davamlı olaraq ipoteka kreditləşməsinin təmin olunması üçün Fond tərəfindən gələcəkdə də müvafiq tədbirlər həyata keçiriləcəkdir.