Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il
25 dekabr tarixli 1760 nömrəli
Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı
məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.
Satınalma
predmeti əhalinin yaşayış sahələri ilə təminatlılıq səviyyəsinin və ehtiyacının
qiymətləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması üsullarının müəyyən
olunmasına dair ictimai sorğunun keçirilməsi üzrə xidmətlərdir. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş
“Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun
olaraq yazılı formada bağlanacaqdır. Satınalma müqaviləsinin icra müddəti 3 ay ərzində
həyata keçiriləcəkdir. Xidmətlər qaimə-faktura əsasında təhvil verildikdən
sonra 5 iş günü ərzində ödəniş həyata keçiriləcəkdir.
Satınalma
ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi və
sənədlərin təqdim olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi
elektron qaydada dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) vasitəsilə
təşkil ediləcəkdir. Fond ilə elektron satınalmanın iştirakçıları və ya onların
özü arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə
əlaqə saxlanılacaqdır.
Malgöndərənlərin
(podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
-
satınalma müqaviləsinin icrasını təmin etmək üçün
müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının,
işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
-
satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
-
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə
etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
-
müflis elan olunmaması, əmlakı üzərinə həbs
qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə
kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
-
Azərbaycan Respublikasında vergilərə və digər
icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə
son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan)
vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
(müvafiq dövlət qurumlarından alınır);
-
satınalma prosedurlarının başlanmasından əvvəlki 5
il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar
fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini
yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların
müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan
edilməməsi.
Elektron
satınalma qiymətləndirilmə nəticəsində ən sərfəli sayılan təklif əsas götürülməklə
malgöndərənlərə (podratçılara) təqdim olunan qiymət və digər meyarlar əsasında
həyata keçiriləcəkdir. Müvafiq prosedurlar “Dövlət satınalmaları haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Tender
təklifinin qiymətləndirilməsi meyarları aşağıdakılardır:
-
Qiymət amili – 80 bal;
-
Zəruri texniki və keyfiyyət xüsusiyyətləri – 20
bal, o cümlədən xidmətlərin keyfiyyəti 10 bal, xidmətlər üzrə şərtlər 10 bal.
Təkliflərin
qiymətləndirilməsi üçün tətbiq ediləcək riyazi düstur aşağıdakı kimidir:
məsələn, 80 bal ən aşağı qiymət verən malgöndərənə verilir və digər
malgöndərənlərin maliyyə amili isə ən aşağı qiymət verən malgöndərənin qiymət
təklifi həmin malgöndərənin qiymət təklifinə bölünüb 80-ə vurulmaqla müəyyən
edilir. Kəmiyyətlə ifadə olunan texniki göstəricilər üzrə ən yaxşı təklif verən
malgöndərənə müvafiq meyar üzrə maksimum bal qiymət amili üzrə müvafiq riyazi düstura
uyğun verilir.
Təklifin qiymətinə bütün xərclər (o cümlədən nəqliyyat, sığorta xərcləri, vergilər və
rüsumlar) daxil
edilməlidir. Qiymət təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq
AZN-lə ifadə olunmalıdır.
Səmərəli rəqabətin təmin edilməsi və
elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan
malgöndərənlərin (podratçıların) minimal sayı 3 olmalıdır.
Elektron satınalmaya buraxılış və qoşulma
qaydası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet
portalı haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Elektron satınalmada iştirak haqqının
məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq tender
və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə
keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə
Qaydası” ilə tənzimlənir. İştirak
haqqı 100 manat təşkil edir və heç bir halda geri qaytarılmır.
Malgöndərənlərin iddiaçı kimi
elektron satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 21 aprel 2022-ci
il saat 10:00-dək dövlət satınalmalarının vahid internet portalında
yerləşdirilməlidir:
- Tenderdə
iştirak etmək üçün ərizə;
- İddiaçının
hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında
şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) surətləri;
- Tender
təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin
səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
- İddiaçının
iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
- İddiaçının
son bir ildəki (əgər daha az müddət fəaliyyət
göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank
tərəfindən verilmiş arayış və bank rekvizitləri;
- Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini
dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə
yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq
icra hakimiyyəti orqanından arayışlar;
- İddiaçının
mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar
göstəricilərini əks edən məlumatlar;
- İddiaçının “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ixtisas göstəriciləri meyarlarına uyğun
gəlməsi barədə iltizam və ya müvafiq halları təsdiq edən sənədlər.
Elektron
satınalma zamanı təqdim olunacaq məlumatlar, habelə Əsas şərtlər toplusu
Azərbaycan dilində olmalıdır. Təkliflər
və təkliflərin qiymətlərinin 1 faizi həcmində bank zəmanəti
29 aprel 2022-ci il saat 18:00-dək dövlət satınalmalarının vahid internet
portalında yerləşdirilməli,
təklifin təminatının əsli qapalı
zərfdə üzərində
hansı satınalmada iştirak üçün verilməsi və “Satınalma təklifinin bank
zəmanəti” ifadəsi qeyd olunmaqla Satınalan təşkilatın Bakı şəhəri, Bülbül
prospekti 40 ünvanında yerləşən inzibati binasına təqdim edilməlidir. Hər bir
iddiaçı tender üzrə yalnız bir təklif verə bilər. Tender təklifləri Azərbaycan
dilində təqdim edilməlidir. Tender təklifində onun hansı tender üzrə olduğu,
tender təklifinin qüvvədə olma müddəti və tender təklifinin tarixi (sənədin
tarixi) qeyd olunmalıdır.
Elektron satınalma 04 may 2022-ci
il tarixində saat 10:00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır.
Elektron satınalma zamanı Fond bütün iştirakçıların eyniləşdirmə məlumatlarını
məxfi saxlayacaqdır.
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət
satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”yə görə
satınalmaların nəticələri avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün
elektron qaydada Satınalmalar komissiyasına göndərilir. Satınalmalar
komissiyası təqdim olunan tender təkliflərini daxil olduqları ardıcıllıqla açır
və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq qiymətləndirərək qərar qəbul edir, qərarı gücləndirilmiş elektron imza
vasitəsilə imzalayır və portalda yerləşdirir. Tenderin nəticələri haqqında
yekun protokol Satınalmalar komissiyanın
bütün üzvləri tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalandıqdan
sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aidiyyəti üzrə
göndərilir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanunu, digər normativ hüquqi aktlara istinadlar və bu
sənədləri dövlət satınalmalarının vahid internet portalının qanunvericilik
hissəsindən (https://etender.gov.az/laws)
və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların
vahid internet elektron bazasından http://e-qanun.az/
əldə etmək olar.
Malgöndərənlərlə (podratçılarla)
vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan
satınalan təşkilatın vəzifəli şəxsinin adı, vəzifəsi və ünvanı: Xəzinədarlıq
departamentinin direktoru
İlhamə İsabalayeva, iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 145), Faks:
(+99412) 598-11-77. Bakı şəhəri, Bülbül prospekti 40 (Fondun ünvanı).
Satınalan
təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya
zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının)
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.
Fondun satınalmalar üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.
Tenderin
qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və yazılı
formada satınalma müqaviləsi bağlanacaqdır. İxtisas göstəricilərinin təkrar
təsdiqinin prosedurları müəyyən edilmir.
Fond tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir. Tender yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçiriləcəkdir.