28.01.2022

İpoteka və Kredit Zəmanət Fondu açıq tender üsulu ilə elektron satınalma elan edir

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.

Satınalma predmeti Tikinti obyektinin layihələşdirilməsi işləridir. Satınalma müqaviləsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun olaraq yazılı formada bağlanacaqdır. Satınalma müqaviləsinin icra müddəti 6 ay ərzində həyata keçiriləcəkdir. İşlər qaimə-faktura əsasında təhvil verildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçiriləcəkdir.

Satınalma ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi və sənədlərin təqdim olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi elektron qaydada dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) vasitəsilə təşkil ediləcəkdir. Fond ilə elektron satınalmanın iştirakçıları və ya onların özü arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə saxlanılacaqdır.

Malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:

-        satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;

-        öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

-        müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

-        Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (müvafiq dövlət qurumlarından alınır);

-        satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;

-        layihələndirmə fəaliyyəti üzrə lisenziyaya və ya icazəyə malik olması.

Elektron satınalma qiymətləndirilmə nəticəsində ən sərfəli sayılan təklif əsas götürülməklə malgöndərənlərə (podratçılara) təqdim olunan qiymət və digər meyarlar əsasında həyata keçiriləcəkdir. Müvafiq prosedurlar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Tender təklifinin qiymətləndirilməsi meyarları aşağıdakılardır:

1. Qiymət amili – 80 bal;

2. Zəruri texniki və keyfiyyət xüsusiyyətləri – 20 bal, o cümlədən işlərin keyfiyyəti 10 bal, işlər üzrə şərtlər 10 bal.

Təkliflərin qiymətləndirilməsi üçün tətbiq ediləcək riyazi düstur aşağıdakı kimidir: məsələn, 80 bal ən aşağı qiymət verən malgöndərənə verilir və digər malgöndərənlərin maliyyə amili isə ən aşağı qiymət verən malgöndərənin qiymət təklifi həmin malgöndərənin qiymət təklifinə bölünüb 80-ə vurulmaqla müəyyən edilir. Kəmiyyətlə ifadə olunan texniki göstəricilər üzrə ən yaxşı təklif verən malgöndərənə müvafiq meyar üzrə maksimum bal verilir.

Təklifin qiymətinə bütün xərclər (o cümlədən nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilməlidir. Qiymət təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq AZN-lə ifadə olunmalıdır.

Səmərəli rəqabətin təmin edilməsi və elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin (podratçıların) minimal sayı 3 olmalıdır.

Elektron satınalmaya buraxılış və qoşulma qaydası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Elektron satınalmada iştirak haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası” ilə tənzimlənir. İştirak haqqı 250 manat təşkil edir və heç bir halda geri qaytarılmır.

Malgöndərənlərin iddiaçı kimi elektron satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 18 fevral 2022-ci il 10.00-dək dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməlidir:

-       Tenderdə iştirak etmək üçün ərizə;

-       iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN, lisenziya) surətləri;

-       Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

-       İddiaçının bənzər layihələr üzrə iş təcrübəsi olduğunu təsdiq edən sənədlərin surətləri;  

-       İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;

-       Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayışlar;

-       İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar göstəricilərini əks edən məlumatlar;

-       İddiaçının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ixtisas göstəriciləri meyarlarına uyğun gəlməsi barədə iltizam.

Elektron satınalma zamanı təqdim olunacaq məlumatlar, habelə Əsas şərtlər toplusu Azərbaycan dilində olmalıdır. Təkliflər və təkliflərin qiymətlərinin 1 faizi həcmində bank zəmanəti 28 fevral 2022-ci il saat 18.00-dək dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməli, təklifin təminatının əsli qapalı zərfdə üzərində hansı satınalmada iştirak üçün verilməsi və “Satınalma təklifinin bank zəmanəti” ifadəsi qeyd olunmaqla Satınalan təşkilatın Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən inzibati binasına təqdim edilməlidir. Hər bir iddiaçı tender üzrə yalnız bir təklif verə bilər. Tender təklifləri Azərbaycan dilində təqdim edilməlidir. Tender təklifində onun hansı tender üzrə olduğu, tender təklifinin qüvvədə olma müddəti və tender təklifinin tarixi (sənədin tarixi) qeyd olunmalıdır.

Elektron satınalma 01 mart 2022-ci il tarixində saat 10.00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır. Elektron satınalma zamanı Fond bütün iştirakçıların eyniləşdirmə məlumatlarını məxfi saxlayacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”yə görə satınalmaların nəticələri avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada Satınalmalar komissiyasına göndərilir. Satınalmalar komissiyası təqdim olunan tender təkliflərini daxil olduqları ardıcıllıqla açır və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirərək qərar qəbul edir, qərarı həmin gün gücləndirilmiş elektron imza vasitəsilə imzalayır və portalda yerləşdirir. Tenderin nəticələri haqqında yekun protokol Satınalmalar  komissiyanın bütün üzvləri tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalandıqdan sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aidiyyəti üzrə göndərilir.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlara istinadlar və bu sənədləri dövlət satınalmalarının vahid internet portalının qanunvericilik hissəsindən (https://etender.gov.az/laws) və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların vahid internet elektron bazasından http://e-qanun.az/ əldə etmək olar.

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsinin adı, vəzifəsi və ünvanı Təchizat departamentinin Ekspertiza və təmir şöbəsinin rəisi Adil Sadıqov, iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 226), Faks: (+99412) 598-11-77; Təchizat departamentinin Ekspertiza və təmir şöbəsinin  mütəxəssisi Orxan Oruclu, iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 230), Faks: (+99412) 598-11-77. Bakı şəhəri, Bülbül prospekti 40 (Fondun ünvanı).

Satınalan təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır. Fondun satınalmalar üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.

Tenderin qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və yazılı formada satınalma müqaviləsi bağlanacaqdır. İxtisas göstəricilərinin təkrar təsdiqinin prosedurları müəyyən edilmir.

Fond tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli işlər üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni işlərin təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir. Tender yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçiriləcəkdir.

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    ___________________________                                                                                                                                                                                                                 Satınalmalar Komissiyası