Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fondu fəaliyyət istiqamətlərinə uyğun olaraq kredit-zəmanət mexanizmi çərçivəsində
ölkədə biznes mühitinin dəstəklənməsi, habelə sahibkarlığın, xüsusilə kiçik və
orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirləri davam
etdirir.
Cari il ərzində zəmanət verilmiş kreditlərin orta məbləği
722 000 manat, orta müddəti 32 ay təşkil
edib. Ümumilikdə, bugünədək Fondun zəmanəti ilə sahibkarlara müvəkkil banklar tərəfindən verilən
kreditlərin məbləği 248 mln. manatı ötüb. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi
hesabına 3300-dən çox yeni iş yerinin açılmasına şərait yaradılıb.
Zəmanət verilmiş kreditlər iqtisadiyyatın əksər sahələrini
əhatə etməklə, əsas etibarilə qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı,
ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının
istehsalı və emalı sahələrinə təqdim olunub.
Sahibkarların maliyyə resurslarına çıxış
imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə dövlət büdcəsindən
ayrılmış vəsaitlər hesabına Fond tərəfindən 2019-2021-ci illərdə sahibkarlıq
kreditlərinə hesablanmış faizlərə görə 21 mln. manat
məbləğində subsidiyanın verilməsi təmin edilib. Dövlət dəstəyi hesabına verilmiş
subsidiyalar nəticəsində borcalanlara verilmiş sahibkarlıq kreditləri üzrə orta
illik faiz dərəcəsi 6,5%-dək azaldılıb. Fond tərəfindən 2022-ci ildə də sahibkarların
banklardan manatla aldıqları kreditlər üzrə hesablanmış faizlərə görə Fond tərəfindən
subsidiya dəstəyinin tətbiqi davam etdiriləcək.
Sahibkarların, o cümlədən müvəkkil bankların mexanizmdən rahat istifadəsinin təmin edilməsi və müraciətlərə baxılmasının sürətləndirilməsi məqsədilə kreditlər üzrə zəmanətlərin verilməsi prosesi “Elektron ipoteka və kredit zəmanət“ sistemi çərçivəsində avtomatlaşdırılıb, zəmanətlə bağlı tələb olunan sənədlərin siyahısı optimallaşdırılıb.
Ölkədə biznes mühitinin yaxşılaşdırılması dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən olduğundan, Fond tərəfindən bu sahədə davamlı olaraq qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə resurslarının əlçatanlığının artırılması və digər dəstəkləyici mexanizmlərin tətbiq olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.