12.02.2021

Satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə yeni kalkulyator istifadəyə verilib

İpoteka və Kredit Zəmanət Fondu (Fond) rəsmi internet səhifəsində (www.mcgf.gov.az) yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi mexanizmi üzrə yeni kirayə kalkulyatorunu vətəndaşların istifadəsinə verib. Yeni kalkulyator kirayə mexanizmi çərçivəsində mənzil sahibi olmaq istəyən vətəndaşlara sərbəst şəkildə ödəmə qabiliyyətlərini əvvəlcədən müəyyənləşdirməyə imkan verəcək. 

Kalkulyatordan istifadə etməklə mövcud mənzillərin ünvanı, otaq sayı və sahəsi, habelə müqavilə müddətinə uyğun aylıq ödəniş və qabaqcadan ödəniş barədə məlumat əldə etmək mümkündür.  

Bir daha bildiririk ki, Fondun balansında Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzrə 8 fərqli ünvanda vətəndaşların mənzil ehtiyaclarına uyğun 1, 2, 3 və 4 otaqlı kirayə mənzillər mövcuddur. Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb. Yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış olmaq mümkündür. 

Fond hazırda satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvil prosesini davam etdirir. Ötən müddət ərzində mexanizm çərçivəsində 545 mənzil rəsmiləşdirilərək kirayəçilərin istifadəsinə verilib. Vətəndaşların tələbi nəzərə alınmaqla Fond mütəmadi olaraq kirayə mənzillərin siyahısını genişləndirir.

Sənədlər Fonda təqdim edildikdən sonra ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən və “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olaraq əldə etmək mümkündür.