17.06.2009

Güzəştli ipoteka kreditlərinin verilməsinə başlanılır

Azərbaycan İpoteka Fondunun Mətbuat Xidməti bildirir ki, Azərbaycan Respublikasının 2009-cu il Dövlət büdcəsində güzəştli ipoteka kreditləri üçün nəzərdə tutulmuş 14 milyon manat vəsaitin bir hissəsi artıq Fondun hesabına köçürülmüşdür. Bunu nəzərə alaraq, 18 iyun 2009-cu il tarixindən güzəştli ipoteka kreditlərinin verilməsi bərpa edilir. Güzəştli ipoteka kreditini almaq istəyən vətəndaşlar qeyd olunan tarixdən müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər.

Qeyd etmək lazımdır ki, güzəştli ipoteka kreditlərinin verilməsi “Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin müvəkkil kredit təşkilatları tərəfindən verilməsinə dair standart Tələblər” ilə tənzimlənir.

Bir daha qeyd edirik ki, ipoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:
  1. Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
    • şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
    • Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
    • məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
    • üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;
    • elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;
    • idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);
  2. Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa).

Bildiririk ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.