16.06.2009

Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının ilk yerləşdirilməsi baş tutmuşdur

Məlumat verdiyimiz kimi, ipoteka kreditləşməsinin bərpası məqsədilə 01 iyun 2009-cu il tarixindən ölkədə bazar prinsipləri əsasında ipoteka kreditləşməsinə start verilmişdir. Bununla əlaqədar ipoteka kreditləşməsinin bazar prinsipləri əsasında fəaliyyətinin təmin edilməsi üzrə ardıcıl tədbirlər görülməkdədir. Bu istiqamətdə növbəti tədbir olaraq, Azərbaycan İpoteka Fondu tərəfindən təmin edilmiş istiqrazların yerləşdirilməsinə başlanılmışdır.

16 iyun 2009-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun AZ200100868 dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 55 mln. manat, hərraca çıxarılan həcmi – 15 mln. manat, bir istiqrazın nominal dəyəri – 1 000 manat, tədavül müddəti – 7 il olan ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracda 8 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 22  mln. manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm (15 mln. manat) tam yerləşdirilmişdir. Qeyd etmək lazımdır ki, ipoteka kreditləşməsinin gedişatından asılı olaraq tədricən bu istiqrazların qalan 40 mln. manatının da yerləşdirilməsi həyata keçiriləcəkdir.

Təmin edilmiş istiqrazlar üzrə keçirilən ilk hərracda tələbin təklifi üstələməsi, potensial investorlar tərəfindən təmin edilmiş istiqrazlara böyük marağın olmasının göstəricisidir. Onu da qeyd etmək lazımdır ki, ipoteka ilə təmin edilmiş istiqrazların emissiyası regionda ilk dəfə olaraq Azərbaycanda baş tutmuşdur.