Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (Fond) ixtisaslaşmış xarici ipoteka və kredit zəmanət təşkilatları ilə regional və beynəlxalq təcrübənin öyrənilməsi, habelə təcrübə mübadiləsinin həyata keçirilməsi işini bu gün də davam etdirir. 23 oktyabr 2020-ci il tarixində əməkdaşlıq çərçivəsində Fondla Qırğızıstan Respublikasının “Dövlət İpoteka Şirkəti” ASC arasında video formatda təcrübə mübadiləsi həyata keçirilib. Görüşdə Fondun və Qırğızıstan İpoteka Şirkətinin rəhbərliyi, habelə Qırğızıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edib.
Görüş zamanı ilk olaraq Qırğızıstan nümayəndə heyətinə Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, o cümlədən 27 sentyabr 2020-ci il tarixindən etibarən düşmənin hərbi təxribatları və Azərbaycan ordusunun öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə geniş məlumat verilib. Bildirilib ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycanda qismən hərbi səfərbərlik elan edilib və artıq onlarla strateji yüksəklik, xeyli sayda yaşayış məntəqəsi və kənd düşmən işğalından azad edilib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini raket atəşinə tutması və mülki obyektlərə ziyan vurması barədə məlumat verilib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı və bu fəaliyyətindən çəkindirməyə səsləməlidir. Öz növbəsində, qarşı tərəf ölkəmizin ərazi bütövlüyünün tanınması istiqamətində Azərbaycanın haqq səsinin qardaş qırğız xalqı tərəfindən dəstəkləndiyini bir daha bəyan ediblər.
Təcrübə mübadiləsi çərçivəsində qarşı tərəfə Fondun fəaliyyət istiqamətləri, xüsusilə də ipoteka kreditlərinin verilmə şərtləri, ipoteka kreditlərinə zəmanətlərin verilməsi qaydası, habelə “Elektron ipoteka və kredit zəmanət sistemi”, vətəndaş tərəfindən elektron sistem vasitəsilə ipoteka kreditlərinə müraciət qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, mövcud elektron sistem ən müasir texnoloji platforma üzərində qurulub və Fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə inteqrasiya edilib.
Qeyd edək ki, “Dövlət İpoteka Şirkəti” ASC Qırğızıstan Respublikası hökumətinin təşəbbüsü ilə vətəndaşların yaşayış sahələrinə əlçatanlığının artırılması və mənzil təminatı probleminin həlli məqsədilə 2015-ci ildə təsis olunub.