12.06.2009

Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının yerləşdirilməsi başlanılır.

Azərbaycan İpoteka Fondu bildirir ki,  16 iyun 2009-cu il tarixindən etibarən BFB-də Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi başlanacaq və hərraca ilkin olaraq 15 000 000 AZN həcmində istiqraz çıxarılacaq. Yerləşdirmənin başlanma tarixində istiqrazların satış qiyməti istiqrazın nominal dəyərinin 100 faizini, yəni 1 000 AZN təşkil edir. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.

İstiqrazların ödənmə tarixi – 10 may 2016-cı ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankı.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 29 may 2009-cu il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 55 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə gəlirlilik 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.