Məlum olduğu kimi, 2018-ci ilin sonlarından etibarən İpoteka
və Kredit Zəmanət Fondu tərəfindən tətbiqinə başlanılan kredit zəmanət
mexanizmi sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışının genişləndirilməsinə,
banklar tərəfindən yüksək keyfiyyətli kredit portfelinin formalaşdırılmasına və
ölkədə iqtisadi aktivliyin artırılmasına xidmət edir. Qeyd olunan mexanizm müvəkkil banklarla Fond
arasında risklərin səmərəli şəkildə bölüşdürülməsi hesabına bankları kiçik və orta sahibkarların kreditləşdirilməsinə
stimullaşdırır. Eyni zamanda, təminat səviyyəsi qənaətbəxş səviyyədə olmayan
sahibkarların kredit resurslarına çıxışını təmin edir və faiz subsidiyaları
vasitəsilə sahibkarların kredit yükünü azaldaraq onların
fəaliyyətini dəstəkləyir.
Mexanizm tətbiq
edilərkən Fond tərəfindən digər qabaqcıl ölkələrin kredit zəmanət sahəsində mütərəqqi
təcrübələri öyrənilib, beynəlxalq maliyyə institutlarının tövsiyələri, habelə ölkəmizin
mövcud iqtisadi reallıqları və xüsusiyyətləri nəzərə alınıb.
Ötən dövr ərzində zəmanətlərin verilməsi prosesinin
təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün mütəmadi olaraq təhlillər
aparılıb, sahibkarlar arasında sorğular keçirilib, müvəkkil banklarla
qarşılıqlı müzakirələr aparılıb, mexanizmin genişlənməsi ilə bağlı maneə və çətinliklər
dərindən öyrənilib. Aparılmış təhlillərin nəticəsi olaraq, sahibkarların ehtiyacları
və bankların təklifləri nəzərə alınaraq mərhələli şəkildə aşağıdakı əlavə və dəyişikliklər
edilib:
-
mövcud zəmanət
mexanizmi çərçivəsində Fond tərəfindən təminatlı kreditlərlə yanaşı, ümumiyyətlə
tam təminatsız kreditlərə də zəmanət və faiz subsidiyalarının verilməsi təmin
edilib;
-
əsasən kiçik
sahibkarlar üçün 100 min manatadək kreditlər üzrə müvəkkil bankların təhlili və
qərarı əsasında, əlavə maliyyə sənədləri tələb olunmadan zəmanətlərin verilməsi
mexanizmi yaradılıb;
-
orta sahibkarlıq subyektlərinin
ehtiyaclarını nəzərə alaraq, 500 min manatadək kreditlər üzrə zəmanətlərin
verilməsi ilə bağlı qiymətləndirmə prosesinin sadələşdirilməsi və sürətləndirilməsi
üçün tələb olunan sənədlərin siyahısı minimal səviyyəyə endirilib;
-
sistem çərçivəsində qısamüddətli
(maksimum 6 aylıq) sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi üzrə yeni
mexanizm formalaşdırılıb;
-
zəmanət üçün müvəkkil
banklardan alınan komissiya haqları minimal hədlərə endirilib.
Kredit
zəmanət sisteminin daha da təkmilləşdirilməsi və faiz subsidiyası mexanizminin
effektivliyinin artırılması məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 7
may 2020-ci
il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının İpoteka və
Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29
noyabr tarixli Fərmanına dəyişikliklər edilib. Bankların
risklərinin daha çox hissəsinin Fond tərəfindən öz üzərinə götürülməsi və
onların kreditləşmə fəaliyyətini stimullaşdırmaq məqsədi ilə Fərmanla aşağıdakı
dəyişikliklər edilib:
-
bir kredit üzrə zəmanətin
kreditə nisbətinin yuxarı həddi 75%-dən 85%-dək artırılıb;
-
Fond tərəfindən
banklara zəmanət ödənişləri üzrə 7%-lik hədd 10%-dək artırılıb;
-
zəmanət üzrə müraciətlərə
baxılmağa görə birdəfəlik xidmət haqqı və zəmanət, o cümlədən faiz subsidiyası
limitlərinin istifadəsi ilə bağlı cərimə və məhdudiyyətlər ləğv edilib.
Yuxarıda qeyd
olunanlarla yanaşı, kreditlər üzrə faiz subsidiyalarının ayrılmasının daha da
sadələşdirilməsi və xüsusilə, ixracatla məşğul olan sahibkarların dəstəklənməsi
məqsədilə investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş
sahibkara ayrılan kreditlər üçün faiz subsidiyası kreditin müddətindən asılı
olmayaraq 10% müəyyən edilib.
Görülmüş işlər nəticəsində bu günə mexanizm çərçivəsində Fondun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 91
mln. manatdan artıq kredit ayrılıb və
həmin kredilər
üzrə faiz subsidiyalarının hesablanmış məbləği 12,2 mln. manatdan artıq məbləğdə nəzərdə tutulub. Zəmanət verilmiş kreditlərin
orta müddəti 30 ay təşkil edir, kreditlər üzrə
subsidiya hesabına borcalanlar tərəfindən ödəniləcək faizlərin
həcmi isə 6%-ə enib. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 1500-dən çox yeni iş yerinin açılması təmin
ediləcək. Zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının
istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı,
eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim
olunub.
Xüsusilə vurğulamaq lazımdır ki, sahibkarlıq
kreditlərinin risk səviyyəsinin yüksək olmasına baxmayaraq, bugünədək Fond tərəfindən
zəmanət verilmiş kreditlər üzrə defolt halları qeydə alınmayıb. Bu isə öz növbəsində
Fond tərəfindən kredit müraciətlərinin qiymətləndirilməsi mexanizminin müvəffəqiyyətlə
tətbiq edildiyinin gəstəricisidir.
Koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar ötən müddət ərzində
Fond tərəfindən sahibkarlıq kreditləri üzrə restrukturizasiya müraciətlərinə də
baxılıb və bu günə müraciət edilən 6
sahibkarlıq krediti üzrə restrukturizasiya həyata keçirilib.
Mexanizmin təkmilləşdirilməsi sahəsində növbəti mərhələdə
xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış
imkanlarının genişləndirilməsi, habelə banklarla yanaşı digər maliyyə-kredit təşkilatlarının
da (bank olmayan kredit təşkilatları, lizinq şirkətləri və s.) kredit zəmanət
mexanizmindən faydalanması üçün məqsədyönlü işlər davam etdirilir. Bu tədbirlərin
müvafiq dövlət qurumları və beynəlxalq maliyyə təşkilatları
ilə birlikdə həyata keçirilməsi planlaşdırılır.
Qeyd olunanlarla yanaşı, Fond tərəfindən zəmanətlərin
verilməsi prosesinin avtomatlaşdırılması üzrə işlər artıq tamamlanıb və
elektron sistemin növbəti
aydan tam istifadəyə verilməsi nəzərdə tutur. Avtomatlaşmanın tətbiqi kredit zəmanətləri
ilə bağlı proseslərin əlavə sənədlər tələb olunmadan və sürətli aparılmasına, mexanizmin əlçatanlığının daha da
artırılmasına və sahibkarlara xidmət səviyyəsinin yüksəldilməsinə zəmin
yaradacaq.