Azərbaycan İpoteka Fondunun Mətbuat Xidməti bildirir ki, 1 iyun 2009-cu il tarixindən müvəkkil kredit təşkilarları tərəfindən Azərbaycan İpoteka Fondunun şərtlərinə uyğun ipoteka kreditlərinin verilməsinə başlanılır.
İpoteka kreditlərinin verilməsi şərtləri aşağıdakı kimidir:
kredit Azərbaycan manatı ilə verilməlidir;
kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
kredit 3 ildən 25 ilədək müddətə verilməlidir;
kreditin məbləği 50 000 manatdan çox olmamalıdır;
kredit üzrə illik faiz dərəcəsi 8%-dən çox olmamalıdır;
kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85%-dən çox olmamalıdır;
ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır;
borcalanın həyatı və əmək qabiliyyəti, eləcə də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
kredit yaşayış sahəsinin ipotekası ilə təmin olmalıdır;
ipoteka ilə yüklü edilən daşınmaz əmlak müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir.
İpoteka kreditlərinin verilməsi ilə bağlı bütün məlumatlar Azərbaycan İpoteka Fondunun Veb saytında (www. amf.az) yerləşdirilmişdir. Əlavə məlumatları bu telefonlara zəng etməklə əldə edə bilərsiniz: 441-19-87, 441-47-16, 441-28-24 (daxili telefonlar: 1-23, 1-29).
Hörmətli borcalan!
Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.