Azərbaycan
Respublikası Prezidentinin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə
vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488
nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fonduna (Fond) həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri
yekunlaşdırılıb. Mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və
daxili qaydalar hazırlanıb, kirayəçilərə və yaşayış sahələrinə dair tələblər
müəyyən edilib, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb və kirayə
mənzil fondu formalaşdırılıb.
Bununla
əlaqədar, Fond vətəndaşların nəzərinə çatdırır ki, mexanizm çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar
2020-ci il tarixində başlanılacaq.
Müraciətlər
“Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron
ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron
imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək.
Elektron İmzanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya Mərkəzi Poçtdan, ASAN
İmzanı isə “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. Qeyd edək ki,
şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı
“ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzləri vasitəsilə xidmət
göstəriləcək.
Kirayəçilərə
dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin
seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet
səhifəsindən (www.mcgf.az),
habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə
bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış
olmaqla əldə etmək mümkündür.