06.12.2019

İKZF ilə “Qazaxıstan İpoteka Şirkəti” arasında təcrübə mübadiləsi həyata keçirilib


Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (Fond) fəaliyyət istiqamətləri üzrə regional və beynəlxalq təcrübənin öyrənilməsi, ixtisaslaşmış xarici ipoteka təşkilatları, o cümlədən kredit zəmanət  təşklatları ilə təcrübə mübadiləsinin həyata keçirilməsinə xüsusi önəm verir. Bu istiqamətdə Fondla “Qazaxıstan İpoteka Şirkəti” Səhmdar Cəmiyyəti arasında uzun illərdir mövcud olan əməkdaşlıq bu gün də inkişaf edir. 

Mövcud əməkdaşlıq çərçivəsində 4-5 dekabr 2019-cu il tarixlərində Qazaxıstan nümayəndə heyəti Fondun iş təcrübəsi ilə yaxından tanış olub. Nümayəndə heyətinə Fondun fəaliyyət istiqamətləri, xüsusilə də ipoteka kreditlərinin şərtləri, ipoteka kreditləşməsi üzrə müvəkkil təşkilatlar və onlarla iş prinsipləri, yeni “Elektron ipoteka və kredit zəmanət sistemi”, o cümlədən vətəndaş tərəfindən elektron sistem vasitəsilə ipoteka kreditlərinə müraciət qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Elektron ipoteka və kredit zəmanət sistemi” ən müasir texnoloji platforma üzərində qurulub və Fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə inteqrasiya edilib. 

Qeyd edək ki, “Qazaxıstan İpoteka Şirkəti” Səhmdar Cəmiyyəti Qazaxıstan Respublikasının Mərkəzi Bankı tərəfindən 2000-ci ildə təsis olunub. Cəmiyyət ipoteka mexanizmi vasitəsilə mənzil təminatı sahəsində dövlət siyasətini həyata keçirən maliyyə təşkilatıdır.