25 noyabr 2019-cu il tarixindən etibarən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (Fond) vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin Hökumət Ödəniş Portalı (www.gpp.az) ilə yanaşı, “ASAN ödəniş” sistemi vasitəsi ilə aparılması imkanı yaradılıb.
Sistemin tətbiqi ödənişlərin real vaxt rejimində www.asanpay.az portalı və “ASAN Pay” mobil əlavəsi ilə yanaşı, bu sistemə inteqrasiya edilmiş qabaqcıl ödəniş portalları və 10 mindən artıq ödəniş terminalları vasitəsilə həyata keçirilməsinə şərait yaradacaq.
Qeyd
edək ki, Fond ölkədə ipoteka kreditləşməsi mexanizminin beynəlxalq standartlara
uyğun inkişaf etdirilməsi və ipoteka kreditlərindən faydalanan şəxslərə xidmət
səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının geniş tətbiqinin
reallaşdırılması məqsədilə ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.