04.10.2019

İKZF-nin kredit zəmanət mexanizmi çərçivəsində sahibkarlıq kreditləri üzrə təminata tələb aradan qaldırılıb

Azərbaycanda əhalinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illərdə həyata keçirilən, konkret hədəflərə yönəlmiş məqsədyönlü islahatlar nəticəsində ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi istiqamətində bir sıra nailiyyətlər əldə edilib, bu sahədə mühüm institusional tədbirlər həyata keçirilib. Həyata keçirilmiş islahatlar çərçivəsində ölkədə kredit zəmanət mexanizmi və həmin mexanizm çərçivəsində dövlət büdcəsi vəsaiti hesabına faiz subsidiyalarının verilməsi kimi maliyyə dəstəyi aləti yaradılıb.

2018-ci ilin sonlarından etibarən İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən kredit zəmanət mexanizminin və faiz subsidiyalarının verilməsinin tətbiqinə başlanılıb, bu dövr ərzində Fondun dəstəyi ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə (qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı) 41,759,000 manat məbləğində sahibkarlıq kreditlərinin verilməsinə nail olunub.

Dövr ərzində Fond tərəfindən mövcud problemlərin öyrənilməsi və kredit zəmanət mexanizminin təkmilləşdirilməsi məqsədilə dövri olaraq müvəkkil banklarla və sahibkarlarla görüşlər keçirilib, bu sahədə beynəlxalq təcrübə araşdırılaraq müvafiq təhlillər aparılıb. Təhlillər kiçik və orta sahibkarlıq subyektlərinin banklara müraciət edərkən təminatla (girovla) bağlı yüksək tələblərlə rastlaşdıqlarını və nəticədə onların maliyyə mənbələrinə (kredit) çıxış imkanlarının məhdud olduğunu göstərib. 

Aparılmış təhlillərin nəticəsi olaraq, zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından tam yeni yanaşma tətbiq edilib və mövcud mexanizm çərçivəsində sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla (girov) bağlı tələblər aradan qaldırılıb. Həyata keçirilmiş dəyişikliklər nəticəsində artıq Fondun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş, lakin təminat səviyyəsi qənaətbəxş olmayan sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb.  

Mövcud mexanizm çərçivəsində verilən sahibkarlıq kreditləri üzrə təminata dair tələblərin aradan qaldırılması daha çox sahibkarlıq subyektinin maliyyələşməsinə, təminat yetərsizliyi olan sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasına, nəticə etibarilə iqtisadiyyatın şaxələnməsinə, iqtisadi aktivliyin və ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə şərait yaradacaq.