16.05.2006

İlk yenidən maliyyələşdirmə əməliyyatı aparılmışdır

Azərbaycan İpoteka Fondu ilə QSC “Bank Standart” KB və “Texnikabank” ASC arasında ilk yenidən maliyyələşdirmə əməliyyatları aparılmışdır. Tərəflər arasında bağlanmış baş sazişlərdə nəzərdə tutulduğu kimi, müvafiq sənədlərin təhvil-təslim proseduru tamamlandıqdan sonra yenidən maliyyələşdirilmə 1 gün ərzində həyata keçirilmişdir.

Beləliklə, Azərbaycan Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu özünün əsas funksiyalarından birinin icrasını təmin etməklə Azərbaycan Respublikası və eləcə də Cənubi Qafqaz bölgəsində ilk dəfə olaraq müvəffəqiyyətlə ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsini həyata keçirmişdir.

Yenidən maliyyələşdirmə - müvəkkil kredit təşkilatı tərəfindən verilmiş ipoteka kreditləri üzrə tələb hüquqlarının AİF tərəfindən alınmasıdır ki,  nəticədə müvəkkil kredit təşkilatlarının hesablarına AİF tərəfindən vəsaitlər köçürülür, bu da MKT aktivlərinin artırılmasına xidmət edir və yeni kreditlərin verilməsinə imkan yaradır. Yenidən maliyyələşdirmə beynəlxalq təcrübədə  olduğu kimi, ipoteka kreditlərinin verilməsinin davamlılığını və genişləndirilməsini təmin edən alətdir.