İpoteka və Kredit Zəmanət Fondunun (Fond) nümayəndə heyəti Avropa Kredit Zəmanət Fondları Assosiyasiyasının (AECM) Belçikada keçirilən illik assambleyasında iştirak edib.
Toplantıda kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılmasının mümkün yolları, zəmanət fondlarının bu istiqamətdəki siyasətləri, rəqəmsallaşmanın zəmanət mexanizmlərinə təsir imkanları, çağırışlar və digər mövzularla bağlı panellər təşkil olunaraq müzakirələr keçirilib.
Eyni zamanda, İpoteka və Kredit Zəmanət Fondunun Assosiasiyaya üzv qəbul olunması barədə üzv dövlətlərə məlumat verilib. Toplantıda Fondun nümayəndə heyəti tərəfindən Azərbaycanda tətbiq olunan kredit zəmanət sisteminin tətbiqi ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, məqsəd qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin olunmasında sahibkarların rolunun artırılması, kiçik və orta sahibkarların dövlət dəstəyi ilə daha geniş əhatə olunması, dövlət-sahibkar münasibətlərinin daha da möhkəmləndirilməsidir. Eyni zamanda qeyd olunub ki, “elektron ipoteka və zəmanət sistemi”nin istifadəyə verilməsi ipoteka və sahibkarlıq kreditlərinə çıxışın asanlaşmasına, kredit əldə etmək istəyən şəxslər üçün bərabər imkanların yaradılmasına, şəffaflığın və operativliyin təmin olunmasına, vaxta qənaətə və xidmətlərin keyfiyyətinin artırılmasına imkan verəcək.
Toplantı çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Böyük Britaniyanın “British Business Bank”, Türkiyənin KOSKA və Kredi Garanti Fondu, Latviyanın “Altum Development İnstitution” arasında perspektiv imkanlar müzakirə olunaraq əməkdaşlıq qurulub.
Qeyd
edək ki, Avropa Kredit Zəmanət Fondları Assosiyasiyasının Avropa Birliyinin 29
ölkəsində, eləcə də Azərbaycan, Bosniya və Herseqovina, Serbiya, Rusiya və
Türkiyədə fəaliyyət göstərən 42 üzv təşkilatı var. Assosiasiyanın üzvləri zəmanət
fondları və ya inkişaf banklarını təmsil edən dövlət qurumlarıdır.
Assosiasiyanın missiyası iqtisadi cəhətdən sağlam, lakin kifayət qədər təminatı
olmayan biznes layihələrinə kredit zəmanətlərinin təmin edilməsidir.