İpoteka
və Kredit Zəmanət Fondunun yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi əhalinin
və Fondun müvəkkil təşkilatlarının (banklar, sığortaçılar və qiymətləndiricilər)
istifadəsinə verilib.
Son dövrlərdə ölkədə avtomatlaşdırma
proseslərinin geniş miqyasda tətbiqi, ölkə başçısının elektron xidmətlərin
göstərilməsi ilə bağlı müvafiq fərmanlarından irəli gələn tapşırıqların icrası,
eləcə də Fondun institusional idarəetməsi və fəaliyyət istiqamətləri üzrə
həyata keçirilən dəyişikliklər yeni “Elektron
ipoteka və kredit zəmanət” sisteminin yaradılmasını zəruri edib. Bununla
əlaqədar Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı ilə “Elektron ipoteka və kredit zəmanət” sistemi
haqqında” Əsasnamə təsdiq edilib.
Yeni
istifadəyə verilən sistem ən müasir texnoloji platforma üzərində qurulub.
Proqramlaşdırma dili olaraq JAVA, PHP, verilənlər bazası olaraq “ORACLE 12C
Enterprise Edition” üzərində qurulmuş sistem Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin Data Mərkəzində
“AZCLOUD TIER III” standartına malik bulud
texnologiyası üzərində tətbiq edilib. Yeni
sistemin qurulması zamanı növbəti dövrlərdə Fondun fəaliyyətininin genişlənməsi,
kreditləşmə əməliyyatlarının və müştəri bazasının artması, yeni kredit məhsullarının
və idarəetmə baxımından əlavə funksiyaların tətbiqi, sistemin geniş bazaya
malik olması, sürətinə və çevikliyinə görə mövcud tələblərə cavab verməsi,
bütün müasir veb brauzerləri dəstəkləyən müasir platforma üzərində yaradılması
və təhlükəsizlik kimi amillər nəzərə alınıb. Qeyd olunanlarla yanaşı, əvvəlki
dövrlərdə elektron ipoteka sistemi daxilində istifadəyə verilmiş müxtəlif
altsistemlərin yeni sistemdə vahid platforma üzərində birləşdirilməsi təmin edilib.
Eyni zamanda, yeni sistemin Fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə
inteqrasiyası təmin olunaraq Fondun əməliyyatlarının avtomatlaşdırılması müasir
tələblərə uyğunlaşdırılıb.
Yeni
sistem yalnız ipoteka kreditləşməsini deyil, Fondun Nizamnaməsində qeyd edilən
bütün fəaliyyət istiqamətləri üzrə (sahibkarlıq kreditlərinə zəmanətlərin və
faiz subsidiyalarının verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə
verilməsi) elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasını,
iştirakçılara elektron sistemə inteqrasiya olunmuş informasiya sistemləri və
ehtiyatlarından müvafiq sənədlər barədə informasiya əldə etmək imkanının
yaradılmasını nəzərdə tutur. Yeni sistem əhalinin, sahibkarlıq subyektlərinin və
Fondun əməkdaşlıq etdiyi müvəkkil təşkilatların Fondun təqdim etdiyi xidmətlərdən
daha sürətli və səmərəli şəkildə istifadəsinə imkan verəcək.
Məlumat
üçün bildirək ki, hazırda Fond tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin
və faiz subsidiyalarının verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə
kirayəyə verilməsi modulları üzrə işlər yekunlaşmaq üzrədir və yaxın zamanlarda
bu istiqamətlər üzrə də elektron xidmətlərin əhalinin istifadəsinə verilməsi təmin
ediləcək.