Son illər ölkədə əhalinin layiqli həyat səviyyəsini
təmin etmək və sosial rifahını yüksəltmək, iqtisadiyyatın balanslı və dayanıqlı
inkişafına nail olmaq məqsədilə dövlətin həyata keçirdiyi sosial-iqtisadi
inkişaf konsepsiyasının prioritetlərinə müvafiq olaraq Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondu öz fəaliyyətini uğurla davam
etdirir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış sahəsinə olan
ehtiyacının ödənilməsi, aztəminatlı ailələrin mənzil-məişət şəraitinin, maliyyə
xidmətləri ilə təminatının yaxşılaşdırılması, sahibkarların, xüsusilə, kiçik və
orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi ilə
dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi Fondun əsas vəzifələri
kimi müəyyən edilib.
Qeyd olunanlarla əlaqədar, Fond bu gün Nizamnaməsinə
uyğun olaraq öz fəaliyyətini üç əsas istiqamətdə həyata keçirir: ipoteka
kreditlərinn maliyyələşdirilməsi və zəmanət verilməsi, sahibkarların müvəkkil
banklardan manatla aldıqları kreditlərə zəmanətlərin və faiz subsidiyasının
verilməsi, yaşayış sahələrinin alınması və satmaq öhdəliyi ilə kirayəyə verilməsi.
İpoteka kreditləşməsi sistemi çərçivəsində Fond əhaliyə
birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur. İpoteka kreditləri
Fondun müvəkkil bankları tərəfindən verilir. Fond isə sonradan bu kreditlərin
yenidən maliyyələşdirilməsini, yəni kreditlər üzrə tələb hüquqlarının müvəkkil
banklardan alınmasını həyata keçirir. İpoteka krediti ilə bağlı müvafiq sığorta
müqavilələrinin bağlanması və ipoteka kreditlərinin təminatı olan ipoteka
predmetlərinin qiymətləndirilməsi Fondun müvəkkil sığorta şirkətləri və müvəkkil
qiymətləndiriciləri tərəfindən həyata keçirilir. Hazırda ipoteka kreditləri üzrə
Fond 24 müvəkkil bank, 18 müvəkkil sığorta şirkəti və 17 müvəkkil qiymətləndirici
ilə əməkdaşlıq edir.
Qeyd etmək lazımdır ki, Fondun vəsaiti hesabına
ipoteka kreditlərinin maliyyələşdirilməsinə 2006-cı ildən etibarən başlanılıb və
bu sistem əhalinin mənzil təminatı sahəsində dövlətin yürütdüyü sosial siyasətin
dəstəklənməsi baxımından əhəmiyyətli rola malikdir. Belə ki, 1 aprel 2019-cu il tarixinə Fondun vəsaiti hesabına
verilən ipoteka kreditlərinin həcmi 1,2 mlrd. manatı keçib, 26000-dən çox ailə
ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub. Bu
kreditlərin 380,3 mln. manatdan çox hissəsini (7854 ədəd) güzəştli
kateqoriyalara aid şəxslərə verilmiş ipoteka kreditləri təşkil edib. Ümumilikdə
2006-2019-cu illərdə (1 aprel 2019-cu il tarixinədək) Fondun vəsaiti hesabına
verilən ipoteka kreditlərindən faydalananların 67.9%-ni gənclər və gənc ailələr
təşkil edib, kreditlərin 19.5%-i isə regionlarda verilib.
Fondun vəsaiti hesabına ipoteka kreditlərinin
verilməsinə nəzər saldıqda, son illər bu sahədə də kifayət qədər müsbət
dinamikanın baş verməsini görmək olar. Belə ki, 2017-ci ildə Fondun xətti ilə
3109 nəfər ailəyə 203 mln. manat məbləğində, 2018-ci ildə isə 3960 ailəyə 273
mln. manat məbləğində ipoteka krediti verilib. 2019-cu ilin yanvar-mart ayları ərzində
isə artıq 796 ailə ipoteka kreditləri vasitəsilə (52,4 mln.manat) mənzil əldə
edib.
2018-ci ildən etibarən Fond tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə satışa çıxarılan güzəştli mənzillərin ipoteka kreditləri vasitəsilə satışının dəstəklənməsi də həyata keçirilir. Təkcə 2019-cu ilin yanvar-mart aylarında Fondun xətti ilə 122 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün ümumilikdə 5,3 mln. manat məbləğində ipoteka krediti verilib. Ümumilikdə 1 aprel 2019-cu il tarixinə Agentliyin sərəncamında olan güzəştli mənzillərin maliyyələşdirilməsi üçün verilən ipoteka kreditlərinin məbləği 15,4 mln. manat (353 ədəd) təşkil edib.
Fəaliyyət dövrü ərzində yüksək etibarlılığa malik
risklərin idarə olunması sisteminin qurulması nəticəsində Fond bugünədək heç
bir maliyyə itkisinə məruz qalmayıb. Risklərin qanunvericilik və institusional
səviyyədə düzgün paylanması, dəqiq proqnozlaşdırma Fondun öz öhdəliklərini
vaxtında yerinə yetirməsinə, üçüncü tərəflərlə münasibətdə etibarlı və ödəniş
qabiliyyətli tərəfdaş kimi tanınmasına səbəb olub.
Fondun vəsaiti hesabına ipoteka kreditlərinin bu
sahədə qabaqcıl təcrübə əsasında hazırlanmış ciddi standartlarla verilməsi nəticəsində
ipoteka kreditləri portfelinin yüksək keyfiyyətinin qorunması təmin edilib.
Kredit portfelinin sağlamlığının təmin edilməsi bu kreditlərin verilməsini həyata
keçirmiş bəzi müvəkkil bankların lisenziyasının ləğvi halında belə portfelin dərhal
və maliyyə itkisi olmadan digər banklara ötürülməsinə imkan yaradıb.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və aztəminatlı
ailələrin yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi məqsədilə Fondun
qarşısına qoyulmuş əsas vəzifələrdən biri də ölkədə satmaq öhdəliyi ilə kirayə
mexanizminin yaradılmasıdır. Azərbaycan Prezidentinin 2019-cu il 25 yanvar tarixində
imzaladığı Fərmanla yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi
mexanizminin icrası Fonda həvalə olunub. Qeyd edilən Fərmana uyğun olaraq,
hazırda Fondda yeni mexanizmin işə salınması üçün zəruri prosedur və
standartların hazırlanması, eləcə də
müraciətlərin qəbulu üçün elektron sistemin yaradılması istiqamətində
müvafiq işlər yekunlaşmaq üzrədir. Artıq əhalinin müraciətlərinin qəbulu üçün
ASAN Xidmət Mərkəzləri ilə əməkdaşlıq üzrə işlər yekunlaşıb. Yaxın zamanlarda yaşayış sahələrinin
satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin tətbiqinə başlanılması nəzərdə
tutulur.
Fondun digər fəaliyyət istiqamətlərindən biri olan
kredit zəmanət mexanizmi çərçivəsində sahibkarların maliyyə resurslarına əlçatanlığının
təmin edilməsi və bu sahədə göstərilən xidmətlərin səviyyəsinin artırılması həyata
keçirilir. Ölkədə məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin
edilməsində sahibkarların rolunun yüksəldilməsi üçün mövcud istehsal və xidmət
sahələrinin müasirləşdirilməsi, genişləndirilməsi və səmərəliliyinin
artırılması, kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət
dəstəyi ilə təmin edilməsi məqsədilə adekvat kredit zəmanət sisteminin
formalaşdırılması və inkişaf etdirilməsi
prioritet vəzifə kimi müəyyən edilib. Bununla əlaqədar, Fond tərəfindən beynəlxalq
standartlara cavab verən kredit zəmanət mexanizminin qurulması məqsədilə
dünyanın əksər ölkələrində tətbiq olunan zəmanət və subsidiya sxemləri öyrənilib və bu mexanizmlərin uğurla istifadə
olunduğu dövlətlər barədə beynəlxalq maliyyə institutlarının tövsiyələrinə
baxılıb. Zəmanət və subsidiya mexanizmlərinin tətbiqi üzrə dünyada ən uğurlu təcrübələrdən
birinə malik olan Koreya Kredit Zəmanət Fondu (KODİT) ilə əməkdaşlıq əlaqələri
qurulub və Cənubi Koreya Respublikasında mövcud kredit zəmanət sistemi ətraflı
öyrənilib.
Bundan başqa, mexanizm üzrə Fond ilə kreditorlar
arasında risklərin adekvat şəkildə bölüşdürülməsi, kredit risklərinin minimuma
endirilməsi məqsədilə kredit reytinqi modeli yaradılıb və zəmanət müraciətləri
üzrə modelin real tətbiqinə başlanılıb.
Mexanizmin tətbiqi ilə bağlı görülən tədbirlər nəticəsində
sahibkarlıq kreditlərinə zəmanətlərin və subsidiyaların verilməsi ilə bağlı 13
müvəkkil bankla müvafiq müqavilələr bağlanılıb; sahibkarların maliyyə
resurslarına çıxış imkanlarının effektiv və yüksək səviyyədə təmin edilməsi üzrə
prioritetlərin reallaşdırılması məqsədilə ölkədə fəaliyyət göstərən kommersiya
banklarını Fondun zəmanət və subsidiya alətlərindən istifadəyə cəlb olunmasına
təşviq etmək üçün müvafiq tədbirlər həyata keçirilib. Nəticədə Fondun zəmanəti
ilə müvəkkil kredit təşkilatları tərəfindən bugünədək 24,7 mln. manat məbləğində
sahibkarlıq kreditləri verilib. Bu kreditlər üzrə hesablanmış subsidiyanın məbləği
isə 3,7 mln. manata çatıb.
Kredit zəmanət mexanizmi çərçivəsində
sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə
çıxış imkanlarının genişləndirilməsi, onların dövlət dəstəyi ilə daha geniş əhatə
olunmasını təmin etmək məqsədilə hazırda maliyyə məhsullarının sahibkarların
ehtiyaclarına uyğunlaşdırılması istiqamətində müvafiq araşdırmalar və təhlillər
aparılır. Yaxın gələcəkdə mexanizmin tətbiqi ilə bağlı görülən işlərin genişləndirilməsi,
digər maliyyə məhsulları ilə yanaşı sahibkarların idxal-ixrac əməliyyatları üzrə
gömrük rüsumları və ödənişlərinin aparılmasına da maliyyə dəstəyinin göstərilməsi
nəzərdə tutulur.
Əhaliyə göstərilən xidmət keyfiyyətinin
artırılması, şəffaflığın və effektivliyin təmin edilməsi, o cümlədən, kağız
daşıyıcılardan istifadənin azaldılması məqsədilə “Elektron ipoteka və kredit zəmanət”
sistemi haqqında Əsasnamə”yə müvafiq olaraq elektron sistem yaradılıb və
ipoteka kreditləri üzrə müraciətlərin qəbulu, ipoteka kreditlərinin rəsmiləşdirilməsi
və maliyyələşdirilməsi prosesi avtomatlaşdırılıb. Elekton sistem “Elektron Hökumət” portalına tam inteqrasiya
olunub. Qeyd olunanlarla yanaşı, Fondda maliyyə uçotunun qurulması, eləcə də
daxili əməliyyatlar da tam elektron formada həyata keçirilir. Bütövlükdə tətbiq
edilən qabaqcıl texnologiyalar Fondda idarəetmə proseslərinin məhsuldarlığını
xeyli yüksəltməklə onun maliyyə və digər risklərinin effektiv idarə olunmasına
imkan verir.
Fondun kapitallaşmasına gəlincə, 2019-cu il martın
7-də Prezident İlham Əliyevin Fərmanı ilə Fondun nizamnamə kapitalı 100 mln.
manat artırılaraq 566 mln. manata çatdırılıb. Kapitala əlavə olunan vəsaitin hər
il olduğu kimi, 2019-cu ildə də güzəştli ipoteka kreditlərinə yönəldilməsi nəzərdə
tutulur.
Qeyd edək ki, 2018-ci ilin sonuna Fondun cəmi
aktivlərinin həcmi 1,27 mlrd. manat təşkil edib. Qeyd etmək lazımdır ki, Fondun
əsas məqsədi mənfəət əldə etmək olmasa da, risklərin etibarlı idarəetmə
sisteminin qurulması və fəaliyyətin səmərəli təşkili nəticəsində mənfəət göstəricilərində
illər üzrə əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, Fond 2018-ci
ili 19,9 mln.manat xalis mənfəətlə başa vurub ki, bu da 2017-ci illə müqayisədə 4,8 mln. manat və ya 32,23% artım deməkdir.
Fondun fəaliyyətinin effektivliyi “Fitch Ratings”
beynəlxalq reytinq agentliyinin qiymətləndirməsində də öz əksini tapıb. Belə
ki, agentlik Fondun uzunmüddətli xarici və yerli valyutada defolt reytinqini
“BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq edib. Kredit reytinqinin “BB+” səviyyəsində
beynəlxalq qurum tərəfindən təsdiqi ölkənin iqtisadi siyasətində Fondun strateji
əhəmiyyətə malik olmasının göstəricisidir.