Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun
(Fond) fəaliyyətinin “Fitch Ratings” agentliyi (bundan sonra agentlik) tərəfindən
növbəti qiymətləndirilməsi həyata keçirilib. Agentliyin qiymətləndirilməsinə əsasən
Fondun uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi “BB+” səviyyəsində
(proqnoz “stabil”) təsdiq edilib.
Agentliyin
"Hökumətlə əlaqəli şəxslərin reytinq meyarları"na əsasən Fondun
reytinqi Azərbaycan Respublikasının suveren reytinqinə bərabərdir. Bu, Fondun
100% dövlətə məxsus olması, Fondun fəaliyyətinə ciddi nəzarət olunması və
Fondun ölkənin iqtisadi siyasətində strateji əhəmiyyətinə malik olması ilə
əlaqədardır. Reytinq həmçinin, Fondun davamlı kapitallaşması və Mərkəzi Bankın
Fondun emissiya etdiyi istiqrazlara verdiyi likvidlik dəstəyi şəklində olan
dövlət dəstəyini əks etdirir.
Agentlik Fondun
fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsini güclü olaraq qiymətləndirib
və qurulduğu gündən etibarən hökumətin Fonda davamlı dəstək
göstərilməsini qeyd edib. Sahibkarların kreditlərinə təminat və hesablanmış
faizlərə görə subsidiyaların verilməsi vəzifələri Fondun mandatına əlavə
edildikdən sonra bu dəstəyin miqyası daha da artıb. 2018-ci ildə Fondun
kapitallaşması məqsədilə dövlət büdcəsindən 100 mln. manat məbləğində vəsait ayrılıb
və 2018-ci ilin sonuna kapitalı 466 mln. manata çatıb.
Agentliyin
mülahizəsinə görə, orta müddətli dövrdə də kapital dəstəyi və Mərkəzi Bankın
likvidlik dəstəyi şəklində Fondun dövlət tərəfindən dəstəklənməsi davam
edəcək. Qeyd olunanlarla yanaşı, Fondun gəlir vergisinin ödənilməsindən azad
olunması və əldə edilən mənfəətdən sərbəst istifadə hüququ kimi dövlət
dəstəyindən də faydalanır.
Əhalinin
əlverişli şərtlərlə yaşayış sahələri ilə təmin edilməsinin Azərbaycan üçün
prioritet məsələ olduğunu nəzərə alaraq, Agentlik hesab edir ki, dövlətin
mənzil siyasətində Fond strateji əhəmiyyətə malikdir. Fondun daxili fond
bazarında mövqeyi güclüdür. Fond Maliyyə Nazirliyi və Mərkəzi Bankdan sonra
daxili istiqraz bazarının üçüncü böyük iştirakçısıdır.
Fondun qeyri-kommersiya
missiyasına baxmayaraq, Agentlik hesab edir ki, Fond sağlam maliyyə
vəziyyətini qorumağa davam edəcək. Bu, müntəzəm dövlət yardımları, ucuz
maliyyələşdirmə, Fondun ipoteka portfelinin keyfiyyəti və qənaətbəxş likvidlik
mövqeyi ilə təmin olunacaq.
Aşağıdakı keçid vasitəsilə
Fitch Ratings Agentliyinin təqdim etdiyi press-relizlə tanış ola
bilərsiniz.
https://www.fitchratings.com/site/pr/10064301