Ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib.
Təsdiq edilmiş
Qayda Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə
bağlı müvafiq mexanizmin yaradılmasını nəzərdə tutur. Mexanizm
çərçivəsində Fond tərəfindən müvafiq yaşayış sahələrinin ölkə vətəndaşlarına
satmaq öhdəliyi ilə uzunmüddətli kirayəyə verilməsi həyata keçiriləcək. Kirayə
müddətində vətəndaşın mənzil üzərində kirayə hüququ daşınmaz əmlakın dövlət
reyestrində qeydə alınacaq və mənzildən istifadə ilə bağlı aylıq ödənişlər tam
ödənildikdən sonra mənzil kirayəçinin mülkiyyətinə keçəcək.
Fond tərəfindən
vətəndaşlara mənzillər tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz
olunmuş, istifadə üçün yararlı vəziyyətdə kirayəyə veriləcək.
Mənzillərin
kirayə verilməsi ilə bağlı əsas şərtlər aşağıdakılardır:
- kirayəçi Azərbaycan Respublikasının vətəndaşı
olmalıdır;
- müraciət tarixinə kirayəçinin vaxtı keçmiş öhdəlikləri
olmamalıdır;
- kirayə müqaviləsi 3 ildən 25 ilədək bağlanıla bilər;
- kirayə müqaviləsi bağlanıldıqda kirayəçi aylıq
ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir;
- kirayəyə verilən mənzil sığortalanmalıdır (sığorta
Fondun xərcləri hesabına aparılacaq).
Qaydanın
tələblərinə əsasən kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam
ödənişi 3 ildən tez həyata keçirilməməlidir. Lakin sonrakı dövrdə mənzilin alış
qiymətini vaxtından qabaq ödəyən vətəndaşlar üçün Fond tərəfindən alış
qiymətinin məbləğində güzəştlərin tətbiqi nəzərdə tutulur.
Mexanizm
çərçivəsində müəyyən müddət kirayədə qalıb, sonradan yaşayış yerini dəyişən
vətəndaşların hüquqlarının müdafiəsi də nəzərdə tutulub. Belə ki, Qaydaya
əsasən Fondun yazılı razılığı ilə kirayə müddətində (kirayə müqaviləsi bağlanan
gündən 3 ildən tez olmayaraq) vətəndaşın kirayə müqaviləsi üzrə öz hüquq və
vəzifələrini başqa şəxsə ötürə bilməsi mümkündür. Kirayə müddəti ərzində
kirayəçi vəfat etdikdə isə kirayə müqaviləsi üzrə hüquqlar kirayəçinin
vərəsələrinə keçir.
Mexanizm
çərçivəsində müraciətlərin növbəlilik əsasında elektron sistem vasitəsilə qəbulu
nəzərdə tutulur.
Satmaq öhdəliyi ilə kirayə
mexanizminin tətbiqi ilk növbədə həm ilkin ödənişi olmayan, həm də gəlir
səviyyəsi ipoteka kreditinin götürülməsi üçün kifayət etməyən vətəndaşların öz
mənzil şəraitlərini yaxşılaşdırmasına imkan yaradacaq.