26.12.2018

İpoteka və Kredit Zəmanət Fondu Avropa Zəmanət İnstitutları Assosiasiyasına tam hüquqlu üzv seçilib

İpoteka və Kredit Zəmanət Fondu Avropa Zəmanət İnstitutları Assosiasiyasına (AECM) tam hüquqlu üzv seçilib.

Qeyd etmək lazımdır ki, Assosiasiya 1992-ci ildə yaradılıb. AECM-də hazırda Avropa İttifaqının 28 ölkəsində, habelə Türkiyə, Rusiya və Serbiyada fəaliyyət göstərən 48 üzv təşkilat təmsil olunur. 2017-ci ildə AECM-ə üzv olan təşkilatların 126 milyard avro həcmində ümumi kredit zəmanət portfeli olub ki, onun da 74 milyard avrosunu il ərzində verilmiş zəmanətlər təşkil edib.

Təşkilatın üzvləri zəmanət fondlarından, o cümlədən kredit zəmanəti bölmələri olan inkişaf banklarından ibarətdir. Təşkilatın üzvlərinin missiyası iqtisadi cəhətdən sağlam, lakin yetərli təminatı olmayan layihələri kredit zəmanəti və digər maliyyə vasitələri ilə təmin etməkdir.

Fondun AECM-ə üzvlüyü Avropa ölkələrinin kredit zəmanət təşkilatlarının qabaqcıl təcrübələrindən faydalanaraq Azərbaycanda sahibkarlığının inkişafına dəstək mexanizmlərinin təkmilləşdirilməsinə və inkişaf endirilməsinə geniş imkanlar yaradacaq.