Məlum olduğu kimi, əhalinin
yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə
mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real
tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici
investorları cəlb etmək məqsədi ilə
2006-cı ildən etibarən ölkədə ipoteka kreditləri sistemi formalaşdırılıb, bu
sahədə dövlət siyasətini həyata keçirən Azərbaycan İpoteka Fondu (Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondu) yaradılıb. Fəaliyyətə
başladığı 2006-cı ildən etibarən əhalinin mənzil təminatı sahəsində dövlətin
yürütdüyü sosial siyasətin həyata keçirilməsində Fondun mühüm rolu olub. Belə
ki, qeyd olunan müddət ərzində Fondun
vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 mlrd. manata, ipoteka
krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25000-ə çatıb.
Ötən dövr ərzində ipoteka
kreditləşməsi böyük bir inkişaf yolu keçib, əhalinin ipoteka kreditlərinə çıxış
imkanlarının genişləndirilməsi məqsədilə ipoteka kreditlərinin şərtlərinin daim
əhalinin ehtiyaclarına uyğun olaraq təkmilləşdirilməsi həyata keçirilib.
Xüsusilə, son illərdə ipoteka kreditləri sistemində əsaslı yeniliklər baş verib.
Şəxsi yığımları qənaətbəxş səviyyədə olmayan vətəndaşların mənzil təminatının
yaxşılaşdırılması məqsədilə ipoteka kreditləri üzrə zəmanət mexanizminin tətbiqinə başlanılıb, güzəştli ipoteka krediti
almaq hüququ olan şəxslərin dairəsi genişləndirilib. İpoteka kreditləşməsinin
effektivliyinin və əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının
genişləndirilməsi məqsədilə ipoteka kreditləri üzrə maksimal məbləğ 150 000
manatadək, güzəştli ipoteka kreditləri
üzrə maksimal məbləğ isə 100 000 manatadək artırılıb.
İpoteka krediti sahəsində borcalanların qiymətləndirilməsi prosesinin
sadələşdirilməsi məqsədilə ilkin ödənişin məbləği yaşayış sahəsinin
qiymətinin 40 faizindən çox olduğu hallarda ipoteka krediti üzrə aylıq ödəniş
məbləğinin aylıq məcmu gəlirə nisbətinə dair tələb aradan qaldırılıb. İqtisadi
və hüquqi şəraitin dəyişməsi ilə əlaqədar ödəniş qabiliyyəti pisləşən
borcalanların hüquqlarının müdafiəsi üçün ipoteka kreditlərinin restrukturizasiya mexanizmi yaradılıb.
İpoteka kreditlərinin
verilməsi prosesləri, o cümlədən əhalidən kredit üzrə birbaşa elektron
müraciətlərin qəbulu, habelə müvəkkil banklar tərəfindən verilmiş ipoteka kreditlərinin rəsmiləşdirilməsi və
yenidən maliyyələşdirilməsi prosesləri tam avtomatlaşdırılıb. Elektron
sistemlər müvəkkil banklar tərəfindən əhaliyə ipoteka kreditlərinin verilməsi
mərhələlərinin izlənməsinə, bütövlükdə ipoteka kreditləşməsi prosesinin
şəffaflığının daha da yüksəlməsinə şərait yaradıb. Eyni zamanda, əhalinin
ipoteka kreditləri üzrə öz ödənişlərini müxtəlif ödəniş vasitələrindən istifadə
etməklə elektron qaydada aparması imkanı yaradılıb.
Görülmüş tədbirlər nəticəsində cari ildə ipoteka
kreditlərinin verilmə prosesi sürətlənib, 30.11.2018-ci il tarixinədək müvəkkil
banklar tərəfindən 241,7 mln manat həcmində 3.528 (adi kreditlər – 2.428 kredit
üzrə 172,46 mln. manat, güzəştli kreditlər – 1.100 kredit üzrə 69,24 mln.manat)
ipoteka krediti verilib. Ötən ilin analoji dövrü ilə müqayisədə verilən
kreditlərin həcmi 69 mln.manat və ya 40% artıb. Belə ki, ötən ilin anoloji
dövründə 172,7 mln. manat həcmində 2.687 kredit rəsmiləşdirilib.
Cari ildə ipoteka
kreditləri vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin
satışının dəstəklənməsi də həyata keçirilib. Belə ki, “Azərbaycan
Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri
vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na müvafiq olaraq 10.09.2018-ci il
tarixindən etibarən Agentliyin sərəncamında olan mənzillərin güzəştli ipoteka
kreditləri vasitəsilə maliyyələşdirilməsinə başlanılıb. 30.11.2018-ci il tarixinə artıq 217 şəxsə MİDA-nın sərəncamında olan
güzəştli mənzillərin alınması üçün 9,6 mln.manat məbləğində güzəştli, 13 şəxsə
isə 450 min manat məbləğində isə adi ipoteka kreditləri verilib.
Qeyd edək ki, Fond
tərəfindən ipoteka kreditlərindən faydalana biləcək şəxslərin dairəsinin
genişləndirilməsi məqsədilə yeni ipoteka məhsullarının tətbiqi sahəsində hazırda
müvafiq beynəlxalq təcrübənin öyrənilməsi və aidiyyəti tədbirlərin görülməsi
davam etdirilir.