02.08.2006

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2006-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına dair iclasında ipoteka kreditləşməsi haqqında

Bizim üçün növbəti yenilik bu il İpoteka Fondunun yaradılması olmuşdur. Bu da çox müsbət addım olub, çox müsbət praktikadır.

Hələ ki, bu fondun fəaliyyətini təhlil etmək bir qədər tezdir. Çünki fəaliyyət təzə başlayıbdır.

Ancaq indidən demək olar ki, İpoteka şərtlərinin bəzilərini sadələşdirmək lazımdır. Çünki İpoteka prosesi kütləvi xarakter almalıdır. Biz bu sistemi oradakı faizdən gəlir əldə etmək üçün yaratmamışıq.Biz bunu gənc ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yaratmışıq. Məndə olan məlumata görə, bəzi gənclər, bəzi insanlar şərtlərin o qədər də məqbul olmadığı üçün bu işdən bəhrələnə bilmirlər. Yenidən baxmaq lazımdır. Yenə də deyirəm, mən bu barədə hələ ki, bir söz demək istəmirəm. Biz hələ ki, təhlil aparmamalıyıq. Bir müddət keçsin, baxaq görək bu iş necə gedir. Amma prinsip etibarilə bu layihə mənim fikrimcə, sadəcə olaraq, sosial xarakter daşımalıdır. Ona görə burada faizlər də aşağı olmalıdır. Elə etməliyik ki, gənc ailələr, imkansız ailələr özlərini mənzil şəraiti ilə təmin edə bilsinlər.