23.07.2018

İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlıq edən müvəkkil bankların sayı 10-a çatıb

Sahibkarların, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının effektiv və yüksək səviyyədə təmin edilməsi üzrə prioritetlərin reallaşdırılması məqsədilə respublikada fəaliyyət göstərən kommersiya banklarının İpoteka və Kredit Zəmanət Fondunun zəmanət və subsidiya alətlərindən istifadəyə cəlb olunmasına təşviq edilməsi tədbirləri davam etdirilir.  

Artıq zəmanət və subsidiya verilməsi üzrə İpoteka və Kredit Zəmanət Fondu ilə müvəkkil qismində əməkdaşlığa daha 2 bank cəlb olunub, bununla da müvəkkil bankların sayı 10-a çatıb. Beləliklə, “Paşa Bank” ASC, "Kapital Bank" ASC, “Azərbaycan Sənaye Bankı” ASC, "Ziraat Bank Azərbaycan" ASC, "TuranBank" ASC, "NBCBank" ASC, "Expressbank" ASC, "Muğanbank" ASC, “Rabitəbank” ASC və “UNİBANK Kommersiya Bankı” ASC sahibkarlara xidmət göstərən müvəkkil banklardır.

Azərbaycan Respublikasının ərazisində qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlar zəmanət və subsidiya məhsullarından istifadə etmək məqsədilə yuxarıda adı çəkilən müvəkkil banklara kredit sifarişi ilə müraciət edə bilərlər. Müvəkkil banklar tərəfindən sahibkarların müraciətlərinə obyektiv baxılması və bu mexanizm barədə lazımi informasiyanın verilməsi təmin ediləcək.

Eyni zamanda, sahibkarlar zəmanət və subsidiya verilməsi Qaydaları, tələb olunan sənədlər və digər zəruri şərtlər barədə məlumatları daha ətraflı Fondun rəsmi internet səhifəsindən də əldə edə bilərlər (www.mcgf.az).

Fond tərəfindən ölkənin kredit bazarına mövcud iqtisadi şərtlər şəraitində yeni məhsulların təklif edilməsi müvəkkil banklar və sahibkarlar arasında risklərin bölüşdürülməsi prinsipləri əsasında kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını genişləndirəcək və maliyyə bazarının canlanması fonunda iqtisadi aktivliyi yüksəldəcək.

Sahibkarların yeni alətlərdən istifadəsi real sektorla maliyyə sektoru arasında iqtisadi tarazlığı inkişaf etdirəcək, maliyyə risklərinin bölünməsi mexanizminin tətbiq olunması isə bankların qeyri-neft sektoruna maliyyə axınının gücləndirilməsinə zəmin yaradacaq.