14.11.2006

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2005-ci il tarixli 339 N-li Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları"–nın 3.1.5.bəndinə əsasən ipoteka krediti üzrə illik faiz dərəcəsi 12%-dən müəyyən olunmuşdur.

İpoteka kreditlərinin yenidən maliyyələşdirilməsi üzrə Azərbaycan İpoteka Fondunun kotirovka dərəcəsi 6% səviyyəsində müəyyənləşdirilmiş, müvəkkil kredit təşkilatlarının marjası isə maksimum 6% təşkil etmişdir. Bu gunə verilmiş ipoteka kreditləri üzrə orta statistik faiz dərəcəsi 9.7% təşkil edir.

İpoteka kreditlərinin alınmasının daha da kütləviləşməsi və əhalinin daha geniş təbəqələrinin bu maliyyə xidmətindən  istifadə etməsi üçün imkanların artırılması məqsədi ilə Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin qərarı ilə 20 noyabr 2006-il tarixindən ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsi üzrə  Azərbaycan İpoteka Fondunun kotirovka dərəcəsi 2 (iki) faiz səviyyəsində təyin olunur. Bu da öz növbəsində ipoteka kreditləri üzrə effektiv faiz dərəcəsinin mövcüd orta statistik göstəricisinin daha da aşagı salınmasına imkan yaradacaq.