AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasında ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikasında uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, gənc ailələrə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) dövlət tərəfindən güzəştli ipoteka kreditlərinin verilməsi mexanizminin yaradılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 dekabr tarixli 339 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2005-ci il, â„– 12, maddə 1108) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları"na aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.1.3-cü bəndində "15" rəqəmi "25" rəqəmi ilə əvəz edilsin;
1.2. 3.1.4-cü bəndində "150.000.000 manatdan (30 000 yeni manatdan)" sözləri "50.000 manatdan" sözləri ilə əvəz edilsin;
1.3. 3.1.5-ci bəndində "12%-dən" sözləri "8%-dən" sözləri ilə əvəz edilsin;
1.4. 3.1.6-cı bəndi aşağıdakı redaksiyada verilsin:
"3.1.6. kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85%-dən çox olmamalıdır. İpoteka krediti üzrə öhdəliyin icrasına İpoteka Kreditlərinin Zəmanət Fondu tərəfindən zəmanət verildiyi təqdirdə (ən azı kredit məbləğinin 20%-i həcmində), kreditin məbləği ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 100%-ni təşkil edə bilər.";
1.5. 3.1.7-ci bəndində "50%-dən" sözləri "70%-dən" sözləri ilə əvəz edilsin;
1.6. 3.1.13-cü bəndindən "borcalanın həyatı və əmək qabiliyyəti, eləcə də" sözləri çıxarılsın;
1.7. 4.12.6-cı bəndi aşağıdakı redaksiyada verilsin:
"4.12.6. ipoteka krediti hesabına yaşayış sahəsinin alınmasını təsdiq edən sənəd";
1.8. 5.1.1-ci bəndində "60" rəqəmi "90" rəqəmi ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
3.1. ipoteka kreditləri üzrə ilkin ödənişə olan tələbin gələcəkdə aradan qaldırılması və bu zaman kreditorun risklərinin azaldılmasını təmin etmək məqsədi ilə hüquqi şəxs statuslu qeyri kommersiya təşkilatı kimi İpoteka Kreditlərinin Zəmanət Fondunu təsis etsin;
3.2. müvafiq dövlət orqanlarını cəlb etməklə İpoteka Kreditlərinin Zəmanət Fondu haqında Nizamnamənin layihəsini bir ay müddətində hazırlayıb təsdiq etsin və qanunvericiliyə uyğun alaraq dövlət qeydiyyatından keçirilməsini təmin etsin;
3.3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları istisna olmaqla, digər silahlı birləşmələrdə çalışan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa) güzəştli ipoteka kreditləri ilə təmin edilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4. bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, "23" yanvar 2007-ci il