16.03.2017

“Azərbaycan İpoteka Fondu”nun Müşahidə Şurasının növbəti iclası keçirilib

16 mart 2017-ci il tarixində “Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda ipoteka kreditlərinin verilməsinin mövcud vəziyyəti, habelə kredit şərtləri və digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib. İclasda, həmçinin, Cəmiyyətin 2017-ci il üçün büdcəsinə dəyişikliklər və ipoteka krediti hesabına alınan yaşayış sahəsinin 1 kvadratmetri üçün yeni orta bazar qiymətləri təsdiq edilib.

Məlumat üçün bildiririk ki, Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq Müşahidə Şurası İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mənzil İnşaatı Dövlət Agentliyinin və Azərbaycan Mərkəzi Bankının nümayəndələrindən ibarət olmaqla 5 üzvdən ibarətdir. Müşahidə Şurasının üzvlərini həmin qurumların təklifi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti vəzifəyə təyin və vəzifədən azad edir. Müşahidə Şurasının üzvləri 3 il müddətinə təyin edilirlər və ictimai əsaslarla fəaliyyət göstərirlər. Müşahidə Şurasının üzvləri ardıcıl qaydada Şurada sədrlik edirlər. Sədrin səlahiyyət müddəti üç aydır.