23.05.2008

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı

Azərbaycan İpoteka Fondu ipoteka  kreditləşməsi sisteminin inkişafı ücün bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirir. Bu məqsədlə Fond beynəlxalq  təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Beynəlxalq  təşkilatlar ilə texniki əməkdaşlıq barədə müqavilələr imzalanmış və ekspertlərin cəlb olunması təmin edilmişdir.

Bu istiqamətdə  öz səylərini davam etdirərək,  Azərbaycan İpoteka Fondu  Beynəlxalq Mənzil Maliyyələşməsi Birliyinə (IUHF) üzv qəbul olunmuşdur. Qeyd edək ki, AİF IUHF-yə üzv olmaqla texniki və strateji dəstəklə  yanaşı, Azərbaycanda ipoteka  kreditləşməsi sistemini təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması imkanını əldə edəcək.

Qeyri-kommersiya təşkilatı olan IUHF dünya üzrə fəaliyyət göstərən ipoteka krediti institutlarını bir araya gətirilməsi məqsədilə 1914-cu ildə Londonda yaradılmışdır. Təşkilat mənzil siyasəti sahəsində çalışan üzv təşkilatların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə bu sahədə baş verən yeni tendensiyalar və hadisələrə dair hesabatlar yayır. Təşkilat həmçinin keçid iqtisadiyyatı yaşayan və inkişaf etməkdə olan ölkələrdə yeni yaradılmış mənzil maliyyələşməsi təşkilatlarına yardımlar da göstərir. Hazırda bir çox dünya ölkələrini təmsil edən onlarla üzvü vardır.