02.06.2014

Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının 40 mln. manatlıq emissiyasının növbəti tranşının yerləşdirilməsi

04 iyun 2014-cü il tarixində BFB-də Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi başlanacaq və hərraca ilkin olaraq 5 000 000 AZN həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 100,9417 qiyməti ilə  satışa çıxarılacaqdır. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.

İstiqrazların ödənmə tarixi – 21 dekabr 2023-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 22 yanvar 2014-cü il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 40 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Bildiririk ki, bu istiqrazların yerləşdirilməsinə 11 fevral 2014-cü il tarixində başlanılmışdır və hərracda bu günədək 30 000 000 AZN həcmində istiqraz yerləşdirilmişdir.