Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində
Azərbaycan İpoteka Fondu aşağıdakı
SATINALMANI elan edir:
Azərbaycan İpoteka Fondunun internet səhifəsinin (www.amf.az) yenilənməsi ilə bağlı təkliflər sorğusu.
Bu xidmətlə bağlı aşağıdakılar tələb olunacaqdır:
- İnternet saytın dizaynı və funksionallığı Azərbaycan İpoteka Fondunun korporativ üslubuna uyğunluqla yanaşı sosial yönümlü olmalıdır;
- İnternet saytın təhlükəsizliyinin təmin olunması məqsədilə həftəlik ehtiyyat surəti çıxarılmalı və kənar hostinqdə saxlanılmalıdır;
- İnternet səhifə azərbaycan və ingilis dillərində olmalıdır. Saytın ingilis dilinə tərcümə edilmiş versiyası peşəkarlıq və keyfiyyət nöqteyi-nəzərindən yüksək səviyyədə olmalıdır.
Satınalmada iştirak haqqı 50 AZN-dir. İştirak haqqı Azərbaycan İpoteka Fondunun aşağıdakı hesabına köçürülməlidir:
м/h AZ57NABZ01360450000000005944, коd 210016, VÖEN – 1400729041, S.W.I.F.T BİK AZMFAZ22XXX
Satınalmada iştirak edən iddiaçı özü haqda aşağıdakı məlumatları təqdim etməlidir:
1. Satınalmada iştirak etmək üçün ərizə;
2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
3. Hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin təsdiqlənmiş surətləri (nizamnamə, dövlət qeydiyyat şəhadətnaməsi və VÖEN), ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, bank rekvizitləri;
4. Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
5. İddiaçı şirkət və ya sahibkarlıqla məşğul olan fiziki şəxs ən azı 3 iri təşkilatda müvafiq layihələrin icrası üzrə minimum 1 il iş təcrübəsinə malik olmalıdır. Bu zaman, iddiaçı həyata keçirdiyi layihələrin siyahısını və bu barədə ətraflı məlumat təqdim etməlidir;
6. İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı;
7. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanından arayış;
8. Təkliflər sorğusunun Əsas şərtlər toplusunda tələb olunan digər sənədlər və məlumatlar.
İddiaçıların təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatlar da əlavə edilə bilər.
Satınalma üzrə əsas şərtlər toplusunu, iştirak haqqının ödənilməsi təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən almaq mümkündür.
Satınalma üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 26 iyul 2013-cü il saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 15 iyul 2013-cü il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Məsələ üzrə zərflər 29 iyul 2013-cü il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır. İddiaçılar ən azı 1 gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.
Əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Mətin Hacıyevə (daxili nömrə 133) müraciət etmək olar.
Satınalmalar komissiyası