17.05.2013

Azərbaycan İpoteka Fondunun Fitch Ratings Agentliyi tərəfindən verilmiş "Sabit" proqnozlu "BBB-" kredit reytinqi həmin səviyyədə təsdiqlənmişdir

Cari ilin may ayında Azərbaycan İpoteka Fondunun fəaliyyətinin Fitch Ratings Agentliyi tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilmişdir. Qiymətləndirməyə əsasən Azərbaycan İpoteka Fonduna yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə verilmiş "Sabit" proqnozlu “BBB-” kredit reytinqi Fitch Ratings Agentliyi tərəfindən təsdiqlənmişdir. Məlum olduğu kimi, Fitch Ratings beynəlxalq reytinq agentliyi 2010-cu ildə verdiyi qərarla Azərbaycan İpoteka Fondunun kredit reytinqini Azərbaycan Respublikasının ölkə reytinqinə bərabərləşdirmişdir.
 
Agentliyin məlumatında deyilir ki, Fondun kredit reytinqinin birbaşa olaraq ölkə reytinqinə bərabərləşdirilməsi Fondun dövlət qurumu statusu, Mərkəzi Bankın Fonda göstərdiyi yüksək dəstək mexanizmləri, Mərkəzi Bank vasitəsilə yüksək dövlət nəzarətinin olması və dövlətin mənzil-yaşayış sahələrinin maliyyələşdirilməsi siyasətində Fondun əhəmiyyətli rolunun olması ilə bağlıdır.

Hazırda Azərbaycan İpoteka Fondu müvəkkil kredit təşkilatları vasitəsilə əsasən aşağı və orta gəlirli əhaliyə bazar faiz dərəcələrindən aşağı faiz dərəcələri ilə ipoteka kreditlərinin verilməsini təmin edir və bu günədək Fondun xətti ilə ölkədə verilən ipoteka kreditlərinin sayı təqribən 12 min olmaqla 460 mln. manat təşkil etmişdir.