Məlum olduğu kimi, Fitch Ratings beynəlxalq reytinq agentliyi 2010-cu ildə verdiyi qərarla Azərbaycan İpoteka Fondunun kredit reytinqini Azərbaycan Respublikasının ölkə reytinqinə bərabərləşdirmişdir. Agentliyin məlumatında deyilir ki, Fondun kredit reytinqinin birbaşa olaraq ölkə reytinqinə bərabərləşdirilməsi Fondun dövlət qurumu statusu, Mərkəzi Bankın Fonda göstərdiyi yüksək dəstək mexanizmləri, Mərkəzi Bank vasitəsilə yüksək dövlət nəzarətinin olması və dövlətin mənzil-yaşayış sahələrinin maliyyələşdirilməsi siyasətində Fondun əhəmiyyətli rolunun olması ilə bağlıdır.
2011-ci ilin may ayında “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində saxlayaraq, reytinq üzrə proqnozu “Sabit”dən “Müsbət”ə dəyişdirməsi ölkə iqtisadiyyatının dinamik inkişafının göstəricisidir.
Cari ilin oktyabr ayının əvvəlində Azərbaycan İpoteka Fondunun fəaliyyətinin Fitch Ratings Agentliyi tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilmişdir. Qiymətləndirməyə əsasən Azərbaycan İpoteka Fonduna yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə verilmiş “BBB-” kredit reytinqi investisiya səviyyəsində saxlanaraq, reytinq üzrə proqnozu “Sabit”dən “Müsbət”ə dəyişdirilmişdir. Qeyd edə bilərik ki, Azərbaycan İpoteka Fondu ölkədə belə yüksək reytinq (BBB- “Müsbət” proqnozlu) şamil edilən ilk təşkilatdır. “Müsbət" proqnoz kredit reytinqinin yaxın gələcəkdə daha da yaxşılaşmasının göstəricisi kimi qəbul edilir.
Hazırda Azərbaycan İpoteka Fondu müvəkkil kredit təşkilatları vasitəsilə əsasən aşağı və orta gəlirli əhaliyə bazar faiz dərəcələrindən aşağı faiz dərəcələri ilə ipoteka kreditlərinin verilməsini təmin edir və bu günədək Fondun xətti ilə ölkədə verilən ipoteka kreditlərinin sayı 8 mindən çox olmaqla 325 mln. manat təşkil etmişdir.
Fitch Ratings Agentliyinin press relizinin tərcüməsinə burda baxa bilərsiniz