Azərbaycan İpoteka Fonduna investisiya dərəcəli beynəlxalq kredit reytinqi verilmişdir
Azərbaycan İpoteka Fondunun Mətbuat Xidməti bildirir ki, son illər ərzində ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət iqtisadiyyatın bütün sahələrinin sürətli və dinamik inkişafına səbəb olmuşdur. Hərtərəfli inkişaf fonunda ölkənin qeyri-neft sektoru, o cümlədən maliyyə-bank sektoru da yüksək inkişaf templəri nümayiş etdirmişdir. Qeyd olunan iqtisadi inkişaf, habelə sabit siyasi mühit cari ilin may ayında Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi tərəfindən Azərbaycan Respublikasının yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə kredit reytinqinin BBB- səviyyəsində investisiya reytinqinədək yüksəldilməsi üçün əsas olmuşdur. Ölkə reytinqinin yüksəldilməsi Azərbaycanda fəaliyyət göstərən təşkilatların da reytinqinin artırılmasına zəmin yaratmışdır. Bu çərçivədə Fitch Ratings tərəfindənAzərbaycan İpoteka Fonduna yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə verilmiş stabil proqnozlu BB+ kredit reytinqi BBB- səviyyəsinədək artırılmışdır. Azərbaycan İpoteka Fondunun kredit reytinqi Azərbaycan Respublikasının ölkə reytinqinə bərabərləşdirilmişdir ki, bu da ilk növbədə Fondun dayanıqlı maliyyə vəziyyətinə, sağlam kredit portfelinə, yüksək ödəniş qabiliyyətinə və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlətin sosial siyasətində əhəmiyyətli rola malik olmasının göstəricisidir. Yeni kredit reytinqinin alınması ipoteka kreditləri sisteminə davamlı dövlət dəstəyinin göstərilməsi, Fondda aktiv-passivlərin və risklərin idarə olunması sahəsində təkmil sistemin formalaşdırılması, Fondun həyata keçirdiyi maliyyə əməliyyatlarının şəffaflığının və səmərəliliyinin artırılması və effektiv hesabatlılıq sisteminin qurulması nəticəsində mümkün olmuşdur. Fitch Ratings Agentliyinin məlumatında Fondun kredit reytinqinin birbaşa olaraq ölkə reytinqinə bərabərləşdirilməsi Fondun dövlət qurumu statusu, Mərkəzi Bankının Fonda göstərdiyi yüksək dəstək mexanizmləri, Mərkəzi Bank vasitəsilə yüksək dövlət nəzarətinin olması və dövlətin mənzil-yaşayış sahələrinin maliyyələşdirilməsi siyasətində Fondun əhəmiyyətli rolunun olması ilə izah edilir. Eyni zamanda məlumatda o da qeyd edilir ki, Azərbaycanın ölkə reytinqinin dəyişməsi avtomatik olaraq Fondun da reytinqinin dəyişməsinə səbəb olacaqdır. Hazırda Azərbaycan İpoteka Fondu müvəkkil kredit təşkilatları vasitəsilə əsasən aşağı və orta gəlirli əhaliyə bazar faiz dərəcələrindən aşağı faiz dərəcələri ilə ipoteka kreditlərinin verilməsini təmin edir və bu günədək Fondun xətti ilə ölkədə verilən ipoteka kreditlərinin sayı 6 minə çataraq 240 mln. manat təşkil etmişdir. Azərbaycan İpoteka Fonduna investisiya dərəcəli beynəlxalq kredit reytinqinin verilməsi gələcəkdə Fondun borclanma qabiliyyətinin daha da artırılmasına, Fondun beynəlxalq kapital bazarlarına çıxışına və bu bazarlarda sərfəli faiz dərəcələri ilə borc qiymətli kağızlarının yerləşdirməsinə zəmin yaradır. Bu da öz növbəsində növbəti illərdə də ölkədə ipoteka kreditləşməsinin davamlılığının və fasiləsizliyinin təmin edilməsinə, ipoteka kreditləşməsinin daha da genişləndirilməsinə münbit şərait yaradır.
Hörmətli borcalan!
Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.