29 noyabr 2010-cu il tarixində BFB-də Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 5 000 000 AZN həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 103,0798 qiyməti ilə satışa çıxarılacaqdır. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.
İstiqrazların ödənmə tarixi – 11 dekabr 2019-cu ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2009-cu il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 75 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3,25% təşkil edir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Bildiririk ki, bu istiqrazların yerləşdirilməsinə 1 fevral 2010-cu il tarixində başlanılmışdır və hərraca bu günədək 65 000 000 AZN həcmində istiqraz yerləşdirilmişdir.