21.05.2010

Azərbaycan İpoteka Fondunun beynəlxalq kredit reytinqi yüksəldilmişdir

      Azərbaycan İpoteka Fondunun Mətbuat Xidməti bildirir ki, 21 may 2010-cu il tarixində Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi tərəfindən Azərbaycan İpoteka Fonduna yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə verilmiş stabil proqnozlu BB kredit reytinqi BB+ səviyyəsinədək artırılmışdır. 

      Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi bu barədə rəsmi məlumatında bildirir ki, Azərbaycan İpoteka Fondunun kredit reytinqinin artırılmasına səbəb Azərbaycan Respublikasının yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə kredit reytinqinin bir pillə yüksəldilməsi olmuşdur. Məlumatda həmçinin Fondun dövlət təşkilatı olması, onun üzərində Mərkəzi Bank vasitəsilə dövlət nəzarətinin həyata keçirilməsi və dövlətin mənzil-yaşayış sahələrinin maliyyələşdirilməsi siyasətində Fondun əhəmiyyətli rolu vurğulanır. Eyni zamanda məlumatda xüsusi olaraq vurğulanır ki, Fondun kredit reytinqinin artırılması dövlət tərəfindən göstərilən dəstək mexanizmlərindən bilavasitə asılı olacaqdır.