Azərbaycan İpoteka Fondunun Mətbuat Xidməti bildirir ki, Azərbaycan İpoteka Fondu və Beynəlxalq Maliyyə Korporasiyasının “Mərkəzi Asiyada ilkin ipoteka bazarının inkişafı Layihəsi”nin dəstəyi ilə, Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən müvəkkil kredit təşkilatlarının ipoteka kreditləşməsi ilə məşğul olan mütəxəssislərinə və bu sahəyə rəhbərlik edən əməkdaşlarına müvafiq olaraq, “İpoteka kreditləşməsi” və “İpoteka kreditlərinin idarə edilməsi” mövzularında sertifikatlaşdırılmış təlim kurslarının keçirilməsi başa çatmışdır.
Təlim kursları 19 aprel -06 may 2010-cu il tarixlərində Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən cəlb olunmuş xarici mütəxəssislər, Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri və Azərbaycan İpoteka Fondunun əməkdaşları tərəfindən keçirilmişdir. Təlimlərdə Azərbaycan İpoteka Fondunun müvəkkil kredit təşkilatlarının siyahısına daxil olan bankların 34 nəfər əməkdaşı iştirak etmişdir. Təlimlərlə bağlı keçirilmiş test imtahanlarının nəticələrinə müvafiq olaraq iştirakçıların sertifikatlaşdırılması həyata keçirilmişdir.
Keçirilmiş təlimlər ipoteka kreditlərinin verilməsi prosesində əhaliyə göstərilən xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi və bu sahədə yarana biləcək risklərin idarə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Bank Tədris Mərkəzi gələcəkdə də bu cür sertifikatlaşdırılmış təlim kurslarının keçirilməsini davam etdirməyi planlaşdırır.