15 yanvar 2010-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 55 mln. manat təşkil edən, AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların 3 mln. manatlıq son hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.
Hərracda 4 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln.manat) iki dəfədən çox üstələyərək 8,1 mln.manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.
Ümumiyyətlə emissiya üzrə sifarişlərin məbləği hərraca təklif olunan həcmi (55 mln.manat) təqribən iki dəfə üstələyərək 102 mln.manat təşkil etmişdir ki, bu da potensial investorlar tərəfindən təmin edilmiş istiqrazlara böyük marağın olmasının açıq göstəricisidir.
Beləliklə, Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının ilk emissiyası uğurla başa çatmışdır. Qeyd etmək lazımdır ki, ipoteka ilə təmin edilmiş istiqrazların emissiyası regionda ilk dəfə olaraq Azərbaycanda baş tutmuşdur.
Eyni zamanda bildirmək istərdik ki, 30 dekabr 2009-cu il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun 75 mln.manat məbləğində yeni istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır və ipoteka bazarında mövcud tələbə uyğun olaraq bu istiqrazların da yerləşdirilməsinə başlanılacaqdır.