17.01.2025

2024-cü ildə 1871 ailə satmaq öhdəliyi ilə kirayə mexanizmi hesabına mənzil şəraitini yaxşılaşdırıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 nömrəli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.

2024-cü ildə mexanizm çərçivəsində 1871 kirayə müqaviləsi rəsmiləşdirilib ki, bu da 2023-cü ilin analoji göstəricisi ilə müqayisədə 30,9% çoxdur.

Ümumilikdə ötən ilin sonunadək mexanizm vasitəsilə 6257 ailə özünün yaşayış şəraitini yaxşılaşdırıb ki, onların da 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.