05.11.2024

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Sumqayıt Yaşayış Kompleksində və Lənkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan

Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 392 mənzilin, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzilin, ümumilikdə 544 mənzilin satışı 06 dekabr 2024-cü il tarixində saat 11:00-da başlayacaq və 14 dekabr 2024-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 10 dekabr 2024-cü il tarixində saat 11:00-da başlayacaq və 14 dekabr 2024-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

 

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa Sumqayıt Yaşayış Kompleksi üzrə 392, Lənkəran Yaşayış Kompleksi üzrə 152 mənzil olmaqla, ümumilikdə 544 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:

Sumqayıt Yaşayış Kompleksi üzrə - 27.09.2021-ci il tarixli 31957 nömrəli və 24.01.2022-ci il tarixli 32415 nömrəli;

Lənkəran Yaşayış Kompleksi üzrə - 25.11.2021-ci il tarixli 32210 nömrəli müsbət rəyi mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.

 

Sumqayıt Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:


Lənkəran Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat: