İpoteka və Kredit Zəmanət Fondu (Fond) bu gün Bakı KOB Evində
iqtisadçı-ekspertlərlə görüş keçirib.
Sahibkarlığa dəstək alətlərinə həsr olunmuş tədbirdə Fondun
Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov təqdimatla çıxış edib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə ölkədə ilk dəfə
olaraq sahibkarların manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə
hesablanmış faizlərə görə subsidiyanın verilməsinə başlanılıb.
İndiyədək müvəkkil banklar tərəfindən Fondun zəmanəti ilə
sahibkarlara 511 mln. manata yaxın kredit verilib ki, bunun da 80 mln. manata
yaxını cari ilin yanvar-oktyabr aylarının payına düşür.
Fondun zəmanəti və faiz
subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən
layihələrdə 6 600 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Eyni zamanda, Azərbaycan
Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 nömrəli Fərmanı ilə
Fondun sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb. Cari ildən etibarən
daha iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə
kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin
(sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb. Yeni
alətlərin tətbiqi qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik
sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının
artırılmasına imkan verəcək.
Görüşdə ekspertlərin sualları
cavablandırılıb, təklifləri dinlənilib.
Sonda tədbir iştirakçıları Fondun
Bakı KOB Evində fəaliyyət göstərən xidmət pəncərəsinin fəaliyyəti ilə və Bakı
KOB evində sahibkarlara təqdim olunan xidmətlərlə tanış olublar.