Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.
2024-cü il oktyabrın 1-nə olan məlumata görə, indiyədək mexanizm vasitəsilə 5512 vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunun da 1126-sı cari ilin yanvar-sentyabr aylarında bağlanmış müqavilələrin payına düşür.
Satmaq öhdəliyi ilə kirayə yolu ilə mənzil sahibi olan vətəndaşların 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.
Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.